Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Qara balığın nağılı” tamaşasının premyerası olub.
AzərTAC xəbər verir ki, Səməd Behrənginin məşhur “Balaca qara balıq” mənzum nağılı əsasında hazırlanan tamaşanın səhnələşdirəni Həmidə Rüstəmova, quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı İqbal Əliyevdir.
Musiqi tərtibatlı birhissəli tamaşada rolları Cavid İbrahimov, Aygül Ağayeva və Ramiz Qəmbərov ifa ediblər.
Tamaşada "Balaca qara balıq" nəyinsə yanlış getdiyini düşünür. Mövcud yaşam tərzinin tətbiq etdiyi mənasız qadağalardan çıxmaq və hər kəsin çəkinmədən, qorxmadan istədiyi hər bir şeyə malik ola bildiyi böyük dünyaya can atır. Əbədi həqiqətlərin ardınca köklənir. O, arxdan çıxıb , öz həqiqi dünyasına qovuşmaq istəyir. Ətrafdakı balıqlar isə onun bu istəyini əsla anlamırlar. Lakin yeniliyə, daim axtarışa can atan hər bir kəsin qarşılaşdığı problemlə - mühafizəkarların tənəsi və anasının yalvarışları ilə üz-üzə qalır. Artıq seçim etməlidir : ya anasının getməməsi haqqında olan yalvarışlarına diqqət edib qaranlıq dünyada digərləri kimi hər gün daha da qaranlıqlaşmalı, ya da bütün yalvarışlara, bütün tənələrə baxmayaraq düzgün bildiyini etməli – işıqlı dünyaya doğru addım ataraq həyatını bütünlüklə dəyişdirməlidir. İradəsinin və ağlının birləşmiş gücü ilə kiçik dünyasını tərk edərək mübarizlik çırağını yandırır. Bu çırağın işığı ilə keçdiyi hər yerdə özünə tərəfdarlar toplayır, onun bu hərəkəti digər balaca balıqları da cəsarətləndirir...
Aktyorların məharətli çıxışı tamaşanı daha da baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb.