Bildiyimiz kimi, Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən "Qonaq teatr" layihəsi davam edir. Festival çərçivəsində Ağdam Dövlət Dram Teatrının kollektivi tərəfindən N.Qədimlinin "Şuşadan gələn səs" tamaşası oynanıldı. İttifaqın böyük zalında göstərilən tamaşa teatrsevərlər tərəfindən alqışlarla qarşılandı. Tamaşanın sonunda Ağdam Dövlət Dram Teatrı milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və yaranmasının 100 illiyi münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanı ilə təltif olundu. Festival davam edir və yaxın günlərdə digər bölgə teatrlarının paytaxtımıza gələrək maraqlı tamaşalar nümayiş etdirmələri gözlənilir.
Bu sözləri AzərTAC-a açıqlamasında Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi Aida Qafarova deyib.
“Layihə çərçivəsində iyunun 5-də Şəki Dövlət Dram Teatrının yaradıcı kollektivi maraqlı səhnə əsəri ilə Bakıya səfər edəcək. Hələ ki, tamaşanın adı bəlli deyil və yaxın günlərdə mediaya bu barədə geniş məlumat veriləcək. Həmçinin iyunun 19-da Mingəçevir Dövlət Dram Teatrı, iyulun 3-də isə Sumqayıt Dövlət Dram Teatrının paytaxtımıza yaradıcı səfərləri təşkil olunacaq”, - deyə A.Qafarova vurğulayıb.
“Ədəbiyyat və incəsənət”
(23.05.2023)