Gənc Tamaşaçılar Teatrında baş rejissor qalmaqalı

Gənc Tamaşaçılar Teatrının aktrisaları Xalq artisti Naibə Allahverdiyeva və Əməkdar artist Nəsibə Eldarova keçmiş baş rejissorları Mehriban Ələkbərzadədən sosial şəbəkədə şikayətləniblər.

 

Olay.az-ın əldə etdiyi məlumata görə, buna Əməkdar incəsənət xadiminin onları daha çox çalışmağa sövq etməsi səbəb olub. Ələkbərzadə Akademik Milli Dram Teatrına bədii rəhbər təyin olunandan sonra məsələ alovlanıb.

Bu barədə N.Eldarova “Facebook” hesabında yazıb:

“Birinci kursda ustadımız Rza Təhmasibin ilk sözü “teatr kollektiv sənətdir” oldu. Bəli, biz aktyorlar asılı adamlarıq. Bu həyatda teatrdan başqa heç nəyim yoxdur. Bu yaşa qədər ayaqda qalmağıma tək səbəb sənətimdir. Ay Allah, nə olar, bizim “ştrafnoy batalyona” elə birini göndər ki, sinəmizə çəkilən çarpaz dağın üzərindən köz basmasın”.

Naibə Allahverdiyeva isə sözügedən postda həmkarına dəstək verib:

“Artıq psixologiyam pozulub. Nə qədər olar? Nə zaman bu teatrın yaranışından sinəsinə çəkilən dağa məlhəm biri olacaq?! Sadəlövh kollektivi gələn aldadır, gedən aldadır. Nə qədər əşya kimi istifadə olunub, atılacağıq?!”

Qeyd edək ki, əldə etdiyimiz digər məlumata görə, teatrın nümayəndələri yeni baş rejissorun Əməkdar artist Nicat Kazımov olmasını istəyirlər. Lakin buna onun rejissor diplomunun olmaması maneə törədir.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.