IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının keçiriləcəyi tarix məlum olub. Eyni anda Bakı, Şəki, Lənkəran şəhərlərində təşkil olunacaq festival sentyabrın 15-dən 22-dək keçiriləcək.
Festivala film qəbulu davam edir. Belə ki, xarici rejissorlar üçün film qəbulu yekunlaşsa da, yerli rejissorların müəllifi olduqları filmlər iyunun 30-dək “FilmFreeway” platforması vasitəsilə qəbul edilir.
Seçki komissiyası tərəfindən seçiləcək filmlər festivalın müsabiqə mərhələsində iştirak haqqı qazanacaq. Qaliblər festivalın bağlanış mərasimində elan ediləcək.
Qeyd edək ki, “Sevilfest”in 2022-ci il proqramı çərçivəsində Almaniyanın “goEast” film festivalı ilə əməkdaşlığı nəticəsində festivalın ötənilki qalibi “goEast” festivalı nəzdində keçirilən “East-West Talent Lab”da iştirak haqqı qazanıb. Festivalın bu ilki yerli qalibini də xüsusi mükafat gözləyir.
Adını Cəfər Cabbarlının “Sevil” pyesindən götürmüş Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Festival müstəqil yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsilə gender məsələlərinə diqqət çəkmək məqsədilə yaradılıb.
“Ədəbiyyat və incəsənət”
(10.05.2023)