Xalq artisti Rasim Balayevin 75 illiyi qeyd olunacaq

Mayın 7-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert salonunda Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin yaradıcılıq gecəsi təşkil ediləcək.

 

Yaradıcılıq gecəsi Rasim Balayevin 75 illiyinə həsr olunur.

Qeyd edək ki, 1948-ci ilin avqustun 8-də Ağsu rayonunda anadan olan Rasim Balayev elə orada orta məktəbi bitirib və 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun məzunu olub. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarla tamaşaçıların sevgisini qazanıb. O, həmçinin "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynayıb. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rollarda çəkilib. Eyni zamanda, "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarla əməkdaşlıq edərək, onların da filmlərində çəkilib.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.