Mayın 4-də Akademik Milli Dram Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb. Söhbət gənc yazıçı Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında hazırlanan eyniadlı tamaşadan gedir ki, tamaşa 2023-cü ilin repertuar planına uyğun olaraq təqdim olunacaq.
Cavid Zeynallının “Ədəbiyyat və incəsənət” portalına verdiyi amıqlamaya görə, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Yeni yaradıcılıq işində Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Münəvvər Əliyeva, Elşən Rüstəmov, Mehriban Xanlarova, Vəfa Rzayeva, Şəlalə Şahvələdqızı, aktyorlar Şəhla Əliqızı, Afət Məmmədova, Rada Nəsibova, Ləman İmanova, Dilarə Nəzərova, Rüstəm Rüstəmov, Aylin Həşimova, Lalə Süleymanova, Nəzrin Abdullayeva, Elsevər Rəhimov və Tural İbrahimov çıxış edəcəklər.
Tamaşanın səhnə tərtibatçısı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənovadır.
Qeyd edək ki, tamaşa Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatı haqqındadır. O, 1937-ci il oktyabrın 14-də həbs olunub. 59 gün sonra – dekabrın 9-da Şükriyyə xanıma 8 il həbs cəzası verilib və “xalq düşməninin arvadı” kimi Şimali Qazaxıstanın Akmolinski vilayətinə - 26 nömrəli əmək koloniyasına göndərilib. 3105 gün sonra – 1945-ci ildə azad olunub. 1955-ci ildə ona tam bəraət verilib.
Tamaşanın premyerasının iyun ayında olacağı planlaşdırılır.
Cavid Zeynallını bu sanballı iş üçün sadəcə alqışlamaq qalır.
“Ədəbiyyat və incəsənət”
(05.05.2023)