“Heydər Əliyev və Azərbaycan Kinematoqrafiyası” adlı tədbir keçirilib

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib.

 

İttifaqdan məlumat verilir ki, tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvləri, tanınmış kino xadimləri, aktyor və rejissorlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İcraçı katibi, Əməkdar İncəsənət xadimi Cəmil Quliyev Ulu Öndərin Azərbaycan kinosuna diqqət və qayğısı barədə söz açıb.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova çıxış edərək, Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb: “Onunla ilk görüşüm 1970-ci ilin mart ayına təsadüf edir. Həmin il martın 6-da paytaxtın teatr həyatında görünməmiş bir ilkə imza atıldı. “Xəyyam”ın premyerası yüksək peşəkarlıqla tamaşaçı mühakiməsinə təqdim olundu. Bizim üçün ən əlamətdar hadisə isə növbəti tamaşaların birində Azərbaycan rəhbəri Heydər Əliyevin xanımı Zərifə xanımla və hələ çox gənc olan oğlu İlhamla birlikdə teatra gəlməsi oldu. Heydər Əlirza oğlu tamaşadan sonra Turan xanımı, məni və Həsən Turabovu səhnə arxasına söhbətə dəvət elədi, tamaşanın uğuruna görə təşəkkürünü çatdırdı. Mən həmin görüşdən aldığım təəssüratı yəqin ki, heç zaman unutmaram”.

Sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibləri Xalq artisti Oqtay Mir Qasımov , Əməkdar İncəsənət xadimləri Ayaz Salayev və Aydın Kazımzadə Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər.

Sonda çıxış edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, Xalq artisti Vaqif Mustafayev Heydər Əliyevə həsr olunmuş filmlərindən, onunla çəkiliş zamanı olan xatirələrindən danışıb və kinorejissorun yüksək ustalıqla lentə aldığı Ulu Öndərə həsr olunmuş "Ata yolu" filmi tamaşaçılara nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(04.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.