Kinolarımızın zəngin tarixi var. Yetər ki, bu tarixi daha da zənginləşdirək.
Azərbaycanda film, serial, reklam çarxı, multimedia və s. bu kimi sahələrdə fəaliyyət göstərən şirkətlər o qədər də çox deyil. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu sahədə yeni bir şirkət “KAC Group Media MMC” fəaliyyətə başlayıb.
“KAC Group Media” şirkəti çoxşaxəli fəaliyyət göstərən istehsal (prodakşn) şirkəti olmaqla yanaşı, prodüser mərkəzi kimi də məhsuldar fəaliyyət göstərir.
Şirkət Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, prodüser Amiran Babayev tərəfindən yaradılıb.
11 ildir ki, televiziya sahəsində kreativ prodüser kimi çalışan A.Babayev bildirib ki, çoxillik televiziya və media təcrübələrinə əsaslanaraq “KAC Group Media” şirkətini yaradıb: “Yeni yaratdığımız şirkətin ən böyük uğurlarından biri də peşəkar, həvəsli və olduqca məsuliyyətli kollektivlə fəaliyyətə başlamasıdır. İstedadlı gənclərə də dəstəyimizi əsirgəməyəcəyik”, - deyə şirkətin yaradıcısı vurğulayıb.
Amiran Babayev qeyd edib ki, bu film şirkətinin hədəfləri böyükdür: “İlk növbədə Azərbaycanda kifayət qədər maraqlı və kreativ işlər görüb daha sonra sərhəddən kənarda vətənimizi layiqincə təmsil etmək fikrindəyik. Şirkət rəsmi olaraq cari ilin martında yaradılmasına baxmayaraq, qısa müddətdə yeni layihələrə öz imzasını atıb”.
“Ədəbiyyat və incəsənət”
(03.05.2023)