“İndi “sexovşik”dən tutmuş polis rəisinə qədər kimin istəyirsən, “pyesi” teatra ayaq açıb” – Yasin Qarayev Featured

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Yasin Qarayevlə müsahibə 14.05.1998 tarixində götürülüb.

 

“ƏN BÖYÜK REJİSSOR ALLAHIN ÖZÜDÜR”

 

Mən onu uşaqlıqda “Komediyalar aləminə səyahət”, “Səhər görüşləri” və digər televiziya proqramlarındakı şən, baməzə, komik obrazlarından tanıyırdım. Yadımdadır ki, Gənc Tamaşaçılar Teatrı Süleyman Sani Axundovun unudulmaz “Tamahkar” komediyası ilə kəndimizə qastrola gəlmişdi. Bu komediyada Yasin Qarayevin oynadığı qulluqçu Qulu rolu tamaşaçılarda böyük rəğbət doğururdu. Öz ağasına sədaqətli, namuslu, dürüst adam olan Qulu haqsız ittihamlara tuş gəlir, ağa tərəfindən evdən qovulur, amma finalda yenə də ağasına dəstək durur, onun evindən pulların oğurlanmasına mane olurdu.

         Özünün dediyinə görə, Yasin eyni münasibəti bütün varlığı ilə bağlı olduğu teatrdan da görüb. O bütün həyatını teatra həsr edib, əvəzində ana teatrdan özünə etinaszlıq görüb. Lakin, bu, istedadlı aktyorun teatra olan məhəbbətinə kölgə sala bilməyib.

Müsahibimiz Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist, sevimli sənətkarımız Yasin Qarayevdir.

 

-Sizin 70-ci illərdəki çıxışlarınız o qədər parlaq, gözqamaşdırıcı idi ki, çoxları Əlağa Ağayev və ya Hüseynağa Sadıqov kimi bir komik olacağınızı gözləyirdi. Sizcə, buna nail ola bilmisinizmi?

-(könülsüz) Yox... Sizin dediyiniz vaxtdan sonra teatrımızın binası 12 illiyə təmirə bağlandı. Biz o vaxt ona nail olduq ki, teatr özü bağlanmadı. Sonra “Muskomediya” da eyni duruma düşdü. Amma onlar teatrı saxlaya bilmədilər: Səyavuş getdi Dram Teatrına; Hacıbaba öz teatrını yaratdı, Nəsibə xanım səhhəti ilə bağlı səhnədən uzaqlaşdı.

-Deyirlər, Nəsibə xanım sizin kurs yoldaşınız olub...

-(canlanır) Olub. O vaxt İncəsənət İnstitutunun rektoru Rahib Əliyev istəyirdi ki, Nəsibə xanım Musiqili komediya fakültəsinə rəhbərlik etsin. Buna görə ona diplom vermək istəyirdi. 1967-73-cü illərdə Nəsibə xanım mənimlə bir kursda oxuyub.

-O illərdən yadınızda nə qalıb?

-Elmi kommunizmdən dövlət imtahanı verirdik. Bizdən daha çox Nəsibə xanım həyəcan keçirirdi. İnsafən, belə fənlərə görə Nəsibə xanıma əziyyət verməzdilər. O özü nəsə cavab vermək istəyirdi. Rəşidə adlı bir qız var idi, ondan kitabı alıb verdim Nəsibə xanıma ki, biletin cavablarına baxsın. Nəsibə xanım institutu bitirəndən sonra məni gətirdi Musiqili Komediya Teatrına. O vaxt yaxşı səsim var idi. Şəmsi Bədəlbəyli və Tofiq Quliyevi görəndə məni bir qorxu bürüdü “Üzüyümün qaşı füruzədəndir” mahnısını oxumalı idim, oxuya bilmədim. Şəmsi müəllim məni xora götürmək istədi, razı olmadım. Gəldim Gənc Tamaşaçılar Teatrına.

-Nə vaxtsa, bu teatrı tərk etmək fikriniz olubmu?

-İki il əvvəl Səyavuş Aslan məni Musiqili Komediya Teatrına dəvət etdi. Getmədim. Hara gedim? Axı, mən ömrümün 25 ilini bu teatrda keçirmişəm. Ömürdən pay olmaz, axı (siqaret çıxarıb yandırır). Dərdimi təzələdin. Fikirləşirəm ki, bu 25 ildə Ağakişi mənə nə verdi?

-Bəyəm Ağakişi Kazımov 25 ildir ki, sizin teatrda rejissorluq edir?

-Yox, o, teatrın pis vaxtlarında aradan çıxıb, hər şey yoluna düşəndə yenidən qayıdıb.

-Sizə rol verməyib?

- Verib, sadəcə onun hazırladığı tamaşalar məni qane etmir. Mənim bu teatrda ilk rolum “Komsomol” poemasında Cəlal olub. İndi “sexovşik”dən tutmuş polis rəisinə qədər kimin istəyirsən, “pyesi” teatra ayaq açıb. Gənc Tamaşaçılar çevrilib eksperiment teatrına. Tamaşanın hazırlanmasına beş-altı ay zəhmət çəkirik, tamaşaçılar cəmi bir-iki dəfə gəlir, sonra zal qalır boş. Tamaşanı qatlayıb qoyurlar palazın altına.Həmişə də deyir ki, Gülşənlə Yasin mənimlə işləmək istəmirlər. Əli Səmədovun “Ağ div, qara div” əsərində mənə rol verib  -  Cırtdan. Bəyəm, mənim Cırtdan oynayan vaxtımdır?

-Deməli, öz aktyor taleyinizdən narazısınız.

-Bəli. Bir də taleyimə düşən Ağakişi Kazımovdan. Gələn il teatrın 70 illiyidir. Bu teatrda nə qədər tamaşalar olub. Birini bərpa eləmək nə şətin işdir ki? Yoxsa, “Ayı meşədən qaçdı” ilə 70 illiyə getmək olar? Qəzetlərdən birində demişəm ki, Ağakişinin tamaşalarından bozbaş iyi gəlir. İnciyib. Bozbaşın nəyi pisdir ki? Motal pendiri deməmişəm ki?

-1991-ci ildən Əməkdar artistsiniz. Fəxri ad aktyora nəsə verir?

-Heç nə vermir, əksinə, alır. Nə etmişəmsə, ad alana qədər etmişəm. Ad alandan sonra elə bil dövranım döndü.

-İndiyədək nə qədər rol oynamısınız və bunlardan hansı sizə daha doğmadır?

-50-60 rol oynamışam. “Tamahkar”da Qulunu, “Qız atası”nda Nəroğlanı daha çox sevirəm. Məni populyarlaşdıran o vaxtlar televiziyanın “Səhər görüşləri”, “Komediyalar aləminə səyahət”, “Necəsən, gənc dost”, “Xoş gördük, tələbə”, “Birimiz və hamımız”, “Sabahın ustaları” kimi verilişləri olub.

-Ürəyinizdə qalan obraz varmı?

-Teatrımızda iki ağanın bir nökəri” adlı tamaşa göstərilirdi. Burdakı Trufaldino obrazını gözəl aktyorumuz, rəhmətlik Hüseynağa Sadıqov oynayırdı. O həmişə mənə deyərdi ki, bu əsəri səhnəyə qoyacam, Trufaldinonu da sənə verəcəm, qismət olmadı. İndi daha gecdir, yaş o yaş deyil.

-Sənət həyatınızda ən ağır gün nə vaxt olub?

-Tamaşasız, rolsuz qaldığım son üç ilin bütün günləri. Televiziya olmasaydı, bəlkə də, ürəyim partlayardı. Sağ olsunlar, Mailə Muradxanlı və rejissor Məhərrəm Bədirzadəni. “Gəlin birlikdə gülək” proqramı ilə hər ay bir rayonda oluruq.

-Son vaxtlar nə üzərində işləyirsiniz?

-Anarın senarisi əsasında, rejissor Ramiz Mirzəyevin çəkdiyi “Nigarançılıq” televiziya filmində çəkilmişəm.

-Sizcə, Yasin necə adamdır?

-Tez inciyən, tez də barışandır. Xəyalpərvərdir. Utancaqlığı da var. Gənc yaşlarında hətta aydan da utanardı. Ayın təmizliyi qarşısında xəcalət çəkərdi.

-Ən yaxın dostunuz kimdir?

-Müğənni Məhəbbət Kazımov. O həm də mənim üçün bir nömrəli oxuyandır. Bu sözlərimi eşidən Vaqif Əsədov mənimlə razılaşmırdı. Deyirdi ki, bəs, Alim? Vaqifi apardım Məhəbbətin yanına. Xahiş etdik, bir mahnı oxudu. Elə ürəkdən oxuyurdu ki, deyirdin, bəs indicə ürəyi partlayacaq. Vaqif özünü saxlaya bilməyib ağladı. Dedi ki, başına dönüm, Məhəbbət, bir az ehtiyatlı ol...

-Dostluğun əsasında, sizcə, nə durur?

-Mən Məhəbbətin sənətini çox sevirəm, alicənablığını sevirəm. Biz həm də onunla bilrlikdə işləyirik. Mən onun konsert proqramlarının aparıcısıyam. Rusiyanın müxtəlif şəhərlərinə qastrola gedirik.

-Qibtə etdiyiniz aktyor varmı?

-Mənim bizim aktyorlara daha çox yazığım gəlir.

-Oynadığı rollarda aktyotun taleyinə bir işarə varmı?

-Mənə elə gəlir ki, var. Rol alınanda hiss edirəm ki, neçə il əvvəl baş vermiş hadisələr gəlib beynimdən keçir.

-Bəzi filosoflar teatrda “şeytanilik” görürlər...

-Çox dərinə gedirsən, fikrim çözələnir. Ən böyük rejissor elə Allahın özüdür. Bu boyda tamaşanı qurub, rəssamı da, bəstəkarı da, dramaturqu da özüdür.

-Şekspir deyirdi ki, dünya bir teatr, insanlar bir aktyordur, Yasin Qarayev həyatda necə rol oynayıb?

-Çox bəsit bir rol. İşə gələndə yolpulu da tapa bilmirəm.

-Yasin adının məsuliyyətini hiss edirsiniz?

-İnstitutda bizə dərs deyən Müxlis Cənizadə məni ayağa qaldırıb soruşdu ki, adının mənasını bilirsənmi? Dedim ki, Quran surəsidir. Dedi ki,  “yasin”  sözü “Allahın sədası” deməkdir. 70 il idi ki, Allahdan uzaq düşmüşdük. Onun səsini-sədasını eşitmirdik. Başımıza gələn bəlalar yəqin ki, buna görədir.

-Tәsәvvür edin ki, seһrli xalçaya minib, başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?

-Ən yaxın dostlarımı.

 

 “Ədəbiyyat və incəsənət”

(26.04.2023)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.