Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı ikihissəli tamaşa nümayiş olunub.
Tamaşa Xalq artisti Nurəddin Mehdixanlının 65 illiyinə həsr edilib.
Mədəniyyət Nazirliyinin məlumatına görə, səhnə əsərinin nümayişindən əvvəl Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova mədəniyyət naziri Anar Kərimovun, Akademik Milli Dram Teatrının direktor müavini Hacıbaba Məmmədov teatrın bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun Nurəddin Mehdixanlıya ünvanladığı təbrik məktubunu oxuyub.
Qeyd olunub ki, Nurəddin Mehdixanlı yaratdığı obrazlarla tamaşaçı qəlbini fəth edib. O, Akademik Dram Teatrın səhnəsində bir-birindən maraqlı obrazlar qalereyası yaradıb. Nurəddin Mehdixanlının sənəti dövlət tərəfindən hər zaman yüksək qiymətləndirilib və o, bir sıra mükafatlarla təltif edilib.
Nümayişdən sonra Nurəddin Mehdixanlı diqqət üçün Mədəniyyət Nazirliyinin və Akademik Milli Dram Teatrının rəhbərliyinə təşəkkür edib.
Xalq artisti Azər Paşa Nemətovun quruluşçu rejissoru olduğu tamaşada görkəmli bəstəkar, Xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim edilib.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.
“Ölülər”in Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə Əməkdar artist Anar Heybətov olub.
Tamaşada digər rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Sabir Məmmədov, Əli Nur, əməkdar artistlər Aslan Şirin, Elşən Rüstəmov, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mirzə Ağabəyli, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Mətləb Abdullayev, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova və Firuzə Balayeva məharətlə canlandırırlar.
Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət böyük cəsarətlə aktyorların ifasında özünəməxsus çalarlarla açılır. Belə ki, yaradıcı heyət Cəlil Məmmədquluzadə düşüncələrini yüksək məharətlə ifa edərək XX əsrin əvvəllərində Azərbaycanda baş verən prosesləri, mövhumat və cahilliyin poetik və dramatik lövhələrini dolğun ifadə edə biliblər.