Bu gün Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun premyera təşkil edəcək

O, bütün türk dünyasının dahi yazarıdır. Bu gün Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Heydər Əliyev İli” çərçivəsində onun bir əsərinin premyerası keçiriləcək. Söhbət dahi qırğız yazıçısı Çingiz Aytmatovdan gedir. Onun 95 illiyi münasibətilə ədibin “Ana tarla” povestinin motivləri əsasında hazırlanıb sözügedən  tamaşa.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan məlumat verilib. 

Fond tərəfindən “Heydər Əliyev İli” çərçivəsində bu səhnə əsrinin premyerasının təşkili Ulu Öndərin Türk dövlətlərinin ədəbi şəxsiyyətlərinə, onların yaradıcılıqlarına verdiyi önəmə, müasiri olduğu yazıçılarla, o cümlədən qırğız xalqının görkəmli yazıçısı, ictimai-siyasi xadimi Çingiz Aytmatovla olan doğma münasibətinə ithaf edilib.

Tamaşanın hazırlanması və nümayişi Çingiz Aytamatovun zəngin irsinin tanıdılmasına, eləcə də təşkilatın qurucu üzv ölkələri Azərbaycan ilə Qırğızıstanın mədəni əlaqələrinin daha da gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır. Fondla əməkdaşlıq çərçivəsində Bakı Bələdiyyə Teatrı tərəfindən səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Mərahim Fərzəlibəyovdur.

Qeyd edək ki, Fond tərəfindən 2018-ci ildə Azərbaycanda Çingiz Aytmatovun 90 illik yubileyi təntənə ilə qeyd olunub, ədibin “Cəmilə” povesti əsasında qırğız sənətçilər tərəfindən hazırlanmış tamaşa nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.