Mədəniyyət Nazirliyi bölgələrə teatr bayramını necə yaşatdı
Yeni təyin olunan mədəniyyət naziri
Adil Kərimli paytaxtda fəaliyyət göstərən bir sıra teatrların və musiqi kollektivlərinin bölgələrə qastrol səfərlərinin vacibliyini vurğulayanda və onun tövsiyyəsindən sonra bu iş təşkil olunanda, düzü, səmərəlilik, effektivlik baxımından nəyəsə nail olunacağı inandırıcı görünmürdü. Çoxu əlini yelləyib “əşi, rayon yerində kimdir e, teatra gedən” deyib də bu təşəbbüsə ağız büzmüşdü. Amma bir baxın, bölgələrdə əsl teatr bayramı düzənlənib. İnsanlar teatrlara axışırlar.
“Ədəbiyyat və incəsənət” portalı sizlərə Lənkəran, Qusar və İsmayıllıdakı teatr bayramlarından söz açacaq. Öncə isə zəruri bir qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan, 22 və 24 aprel tarixlərini əhatə edən qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır. Ən əsası, teatrı yaşatmaq, populyarlaşdırmaqdır.
Layihə “Heydər Əliyev İli”nə və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinə həsr olunub.
LƏNKƏRAN
Azərbaycan Dövlət Akademik Dram Teatrının heyəti “Danışan gəlincik” tamaşası ilə aprelin 24-də Lənkəran Dövlət Dram Teatrında teatrsevərlərin qarşısına çıxdı.
Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış “Danışan gəlincik” birhissəli musiqili nağıl-tamaşa əməkdar artist Loğman Kərimovun quruluşunda təqdim olunurdu.
Kiçik yaşlı uşaqlar və aşağı sinif şagirdləri üçün nəzərdə tutulan tamaşaya uşaqlarıa birgə valideyinlər də böyük maraq ilə tamaşa edirdilər. Tamaşa rəngarəng tərtibat ilə, al-əlvan geyimlərlə, cəlbedici rejissor yozumuyla, baxımlı aktyor oyunu ilə və oynaq musiqisi ilə tamaşaçıları sonadək cəlb edə bildi.
QUSAR
Azərbaycan Dövlət Kukla Teatrı isə həmin gün Qusara səfər etdi. Kuklaçılar Qusar Dövlət Ləzgi Dram Teatrının binasında sənətsevərlərə “Məlikməmməd” tamaşasını nümayiş etdirdilər.
Sənət ocağının repertuarındakı bu maraqlı tamaşa eyniadlı Azərbaycan xalq nağılı əsasında hazırlanıb. Bu nağılı biıməyən azərbaycanlı, əlbəttə ki, çətin tapılar.
Tamaşanın əsas ideyası uşaq və yeniyetmələrə cəsarət, dürüstlük və mübarizlik aşılamaqdır. Axı Məlikməmməd məşhur nağıl personajı cəngavərlik nümunəsidir. Divdən sehirli almaları qorumağı bacaran bu milli qəhrəmanımız Spaydermənlərə, Betmənlərə meydan oxumaq gücündədir.
Rejissor klassik nağılı İkinci Qarabağ müharibəsi, tarixi zəfərimiz ilə əlaqələndirməklə ona fərqli prizmadan baxmağa, dövrümüzün real qəhrəmanları və hadisələri ilə bağlamağa nail olub.
Birhissəli uşaq tamaşasının səhnələşdirəni və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir.
Musiqi tərtibatlı tamaşa ənənəvi kukla üslubunda olsa da quruluşçular orada müasir uşaqlar üçün maraqlı olan elementləri daxil ediblər. Anşlaqla keçən tamaşa maraqla qarşılandı. Burda da seyrçilər arasında uşaqlarla yanaşı böyüklər də az deyildi.
İSMAYILLI
Azərbaycan Dövlət Pantomim Teatrı isə aprelin 24-də İsmayıllı şəhərinə səfər etdi.
Pantomimçilər ismayıllılı teatrsevərlərə repertuarlarındakı maraqlı və baxımlı səhnə nümunələrindən biri olan “Pantomim buketi” tamaşasını nümayiş etdirdilər.
Peşəkar pantomimçilərin ifasında bundan öncə də yerli və beynəlxalq festivallarda uğurla təmsil olunan sözügedən tamaşanı teatrsevərlər alqışlarla qarşıladılar.
Tamaşaya baxan İsmayıllı rayon rəhbərliyi teatrın kollektivinə təşəkkür etdi, teatrın bu gəlişinin rayon teatrsevərləri üçün əsl bayrama çevrildiyini vurğuladı.
Beləcə, üç bölgə eyni gündə bayram ovqatına bürünmüşdü. Belə bayramlar, inşallah, çox olacaq.
“Ədəbiyyat və incəsənət”
(26.04.2023)