Vesul Asiya Film Festivalında baş mükafat, eləcə də digər 2 mükafata layiq görülmüş azərbaycanlı rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi Paris Gimet Muzeyində kinosevərlərin alqışları ilə qarşılanıb.
AzərTAC xəbər verir ki, “Mərmər soyuğu” tammetrajlı bədii filmi Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalıdır.
Uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edən filmdə həbsdən evə qayıdan ata oğlunun həyatına müdaxilə etməyə çalışır.
Rejissor Asif Rüstəmov bu yeni filmində dəyişən cəmiyyətin anti-qəhrəmanı olan oğul rolunu xüsusi vurğulayıb. Bu oğul köhnə dünyanın dəyərlərini geridə qoyur, ancaq onları yeniləri ilə dəyişmir. O, bu dəyərləri nə müsəlman, nə də Asiya dəyərləri kimi hesab etmir, ancaq o, sənətkar və kosmopolit ateistlikdən uzaq olduğunun da fərqində deyil. Atanın qayıdışı ilə oğulun həyatı alt-üst olur və o, nəsil boyunduruğunu qıra bilməyəcəyini anlayır. Oğul etiraf etməkdən daha çox atasına bənzəyir.
Kino tənqidçiləri tərəfindən şah əsər kimi qiymətləndirilən bu filmlə Azərbaycan kinosunun dünya kinosunda yüksələn yerini təsdiqləyir.
“Mərmər soyuğu” filmi azərbaycanlı rejissoru Asif Rüstəmovun ikinci uzunmetrajlı filmidir.
Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir. Baş rollarda Elşən Əsgərov, Natəvan Abbaslı və Xalq artisti Qurban İsmayılov çəkiliblər.
“Ədəbiyyat və incəsənət”
(25.04.2023)