Azərbaycan Varşavada keçirilən Avrasiya Film Festivalında təmsil olunur

 

Bu günlərsə Polşanın paytaxtı Varşava şəhərində ilk dəfə olaraq Avrasiya Film Festivalı keçirilir.

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, festival Polşanın kino təqvimində yeni hadisə sayılır və yerli auditoriyaya Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin kinematoqrafiyası ilə yaxından tanış olmağa şərait yaradır. 

Festivalın açılış mərasimində Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova xüsusi qonaq qismində çıxış edib. Səfir cari ildə Azərbaycan kinematoqrafiyasının 125 illiyinin qeyd edildiyi, ölkəmizdə film sənayesi tarixinin, demək olar ki, dünya kinematoqrafiyasının tarixi ilə üst-üstə düşdüyü, Azərbaycan kino sənətinin tarixinin 1898-ci il avqustun 2-dən başladığı, 1895-

ci ildə Lümyer qardaşlarının kinematoqrafı ixtira etdikdən sonra 1898-ci ildə fotoqraf Aleksandr Mişonın Bakıda neft yataqları barədə süjetləri lentə almaqla milli kinematoqrafiyamızın 

əsasını qoyduğu barədə məlumat verib.

N. Qurbanova ötən il Azərbaycanın Polşadakı səfirliyinin Polşa Kinorejissorları Assosiasiyası ilə birgə Polşa tamaşaçılarını Azərbaycan kinematoqrafiyası ilə tanış etmək məqsədilə Azərbaycan Filmləri Həftəsi təşkil etdiyini, həmçinin Bakının “Visla” Polşa Film Festivalına ev sahibliyi etdiyini diqqətə çatdırıb. 

Avrasiya Film Festivalının ilk buraxılışında iki Azərbaycan filminin yer aldığını məmnunluqla vurğulayan səfir nümayiş olunacaq filmlər barədə tədbir iştirakçılarına məlumat verib. Səfir festivalın proqramına daxil olan və rejissoru Asif Rüstəmov olan “Mərmər soyuğu” filmi barədə izləyicilərə məlumat verib. O, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və “Arizona Films” şirkətlərinin birgə istehsalı olan və rejissoru Asif Rüstəmov olan “Mərmər soyuğu” bədii filminin Tallində keçirilmiş “Qara Gecələr” Film Festivalının əsas müsabiqə proqramına daxil edildiyini bildirib. Bundan əlavə, o, sözügedən filmin Fransada keçirilmiş Beynəlxalq Asiya Film Festivalı, Bolqarıstanda keçirilmiş Beynəlxalq Sofiya Film Festivalında nümayiş olunduğunu söyləyib.

Qeyd edək ki, festival çərçivəsində nümayiş olunacaq ikinci film rejissoru Polşada yaşayan həmyerlimiz Həmid İbadullayev olan “Ünvansız ruh” filmidir. 

Festival 23 aprel tarixinədək davam edəcəkdir. Hazırda filmlərimizin nümayişi davam edir.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.