Macarıstanın paytaxtında - Budapeşt şəhərində Beynəlxalq Teatr Olimpiadası başlayıb. Bu, sayca 10-cu olimpiadadır. Tədbirə 58 ölkədən 400 teatr kollektivinin qatıldığı və onların 70 səhnədə 750 tamaşa göstərəcəklərini bildirilir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tetar olimpiadaları idman olimpiadaları kimi 4 ildən bir keçirilir. Son dəfə bu tədbir 2019-cu ildə Rusiyanın şimal paytaxtı sayılan Sankt-Peterburqda keçirilib.
Tamaşalar Budapeştlə yanaşı, digər şəhərlərdə də nümayiş olunacaq: Debretsenə həvəskar teatrlar gələcək, Peç şəhəri tələbə kollektivlərini qəbul edəcək, Zalaeqerseqdə isə kukla və küçə teatrları yığışacaq. Macarıstan hökuməti tədbirin keçirilməsi üçün 4,5 milyard forint (12 milyon avro) ayırıb. İstirahət günləri Budapeşt meydanlarının bir çoxu teatr səhnələrinə çevrilib.
Bəs Beynəlxalq Teatr Olimpiadası anlamına nə daxildir? Nəzərinizə çatdıraq ki, bu forumun təşəbbüskarı məşhur yinam tetar rejissoru Teodoros Terzopulosdur. İlk olimpiada onun vətənində - Yunanıstanda, doğulduğu Delfı şəhərində keçirilib. Olimpiadanın məqsədi ən müxtəlif teatr məktəblərinin ən yaxşı tamaşalarını tamaşaçılara göstərməkdir.
Onu da bildirək ki, Budapeştdəki X olimpiadada Rusiya teatrları iştirak etmir. Rusiyalı aktyorların olimpiadaya dəvət edilməməsi barədə qərar digər iştirakçıların onlara etirazı nəzərə alınaraq qəbul olunub.
Ruslar bunun hayıfını çıxırlarmış kimi özləri özləri üçün aprelin 25-də Moskvada teatr olimpiadası təşkil edəcəklər. Amma bu, çox zəif təsəllidir. Əsl avtomobilin qarşısına oyuncaq avtomobil çıxarmağa nə lüzum?
Azərbaycanın olimpiadada hansı kollektivlə təmsil olunması barədə məlumatı növbəti buraxılışlarımızda sizlərə çatdıracağıq.
“Ədəbiyyat və incəsənət”
(17.04.2023)