Nodar Şaşıqoğlunun vəfatından 10 il ötür

 

Bu gün Xalq artisti, teatr və kino aktyoru Nodar Şaşıqoğlunun anım günüdür. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün onun vəfatından düz 10 il ötür.

 

Azərbaycan izləyicisinə “Uzaq sahillərdə” filmində yaratdığı Mixaylo obrazı ilə tanış olan, bu rolla hədsiz şöhrət qazanan 

Nodar Şaşıqoğlu milliyyətcə Gürcüstan acarıdır. O, 1927-ci il martın 13-də Batumidə dünyaya gəlib. Babası Acarıstanda tanınmış zadəganlardan, atası isə çar zabiti olub. Əmisi, aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qalıb. 

Nodar Tiflisdə yaşayıb, orada orta məktəbi, daha sonra Moskvada Şukin adına Teatr İnstitutunu bitirib. O, bir il Vaxtanqov adına teatrda işləyib, beş il isə Taqanka Teatrında çalışıb.

İlk rolunu "Mosfilm"də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi İsgəndərbəyov haqqında çəkilən filmdə oynayıb. Orada türk imperiyasının əsasını qoyan Mehmet bəy Fatehi canlandırıb. Sonra Sergey Paracanovun ilk rejissor işi olan "Andrieş" filmində baş rolu oynayıb. Bu filmdən sonra "Odessa" kinostudiyasında çalışıb.

Nodarın aktyor kimi parlamasında bəxt amili rol oynayıb. Azərbaycanın əfsanəvi qəhrəmanı Mehdi Hüseynzadə roluna aktyor axtaran "Uzaq sahillərdə" filminin ikinci rejissoru Rəşid Atamalıbəyov təsadüfən Nodar Şaşıqoğlunun oynadığı tamaşaya baxıb, aktyoru bəyənərək "Uzaq sahillərdə" filmində sınaq çəkilişinə dəvət edib. O da ümidləri doğruldub.

Əfsanəvi Mixaylo rolundan sonra Nodar Şaşıqoğlu ard-arda “Əsl dost”, “Mateo Falkone”, “Onun böyük ürəyi”, “Bizim küçə”, "Telefonçu qız", “Leyli və Məcnun” filmlərinə də çəkilib.

Nodar Şaşıqoğlu, eyni zamanda, teatr səhnələrində Don Quan (A.S.Puşkin "Kiçik tragediyalar"), Sirano (E.Rostan "Sirano de Berjerak"), Kreont (Q.Qauptman "Antiqo-solntsa") və s. obrazlar yaradıb. 

Aktyor 2003-cü ildə S.Vurğun adına Rus Dram Teatrına qayıdıb və səhnədə Sorin (A.P.Çexov "Qağayı"), Kral Lir (U.Şekspir "Kral Lir") və s. bu kimi parlaq obrazlar ifa edib. 

Nodar Şaşıqoğlunun kino və teatr sənətinin inkişafı sahəsindəki xidmətləri Azərbaycanda yüksək qiymətləndirilib. O, 1982-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb, 2007-ci ildə isə müstəqil Azərbaycanın ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib.

O, 2013-cü il aprelin 12-də Bakıda vəfat edib. Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(12.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.