Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. İlham Namiq Kamalla müsahibə 25.01.1998 tarixində götürülüb
Müsahibim “İlham” miniatür teatrının direktoru, Əməkdar artist İlham Namiq Kamalla tamaşadan sonra onun otağında görüşdüm. Bir az yorğun da olsa, söhbətimiz baş tutdu.
-İlham müəllim, Miniatür Teatrını açmaq hansı zərurətlə bağlıdır?
-Keçmiş İttifaqın bəzi şəhərlərində bu tipli teatrlar çoxdan var idi. Məşhur gülüş ustası Arkadi Raykinin teatrı buna misal ola bilər. Hər teatrın öz siması, yalnız ona məxsus ifadə formaları olmalıdır. Miniatür Teatrı nəğməli teatr olmaqla bərabər, günün ən vacib problemlərinə cəsarətlə toxunmağı bacaran dişli teatrdır.
-İndi bəzən tələm-tələsik çoxlu özəl teatrlar yaranır. Amma bunlar teatrın ən zəruri atributlarından məhrum olurlar.
-Bizim teatr bütün teatr atributlarına malikdir. Anar, Rəhman Əlizadə, Rafiq Səməndər kimi dramaturqlarımız var. Əsərləri sifarişlə yazdırırıq. Bəstəkarımız Cavanşir Quliyev, rəssamımız isə Nazim Bəykişiyevdir. Fəaliyyət göstərdiyimiz 5 ildə 12 tamaşa hazırlamışıq.
-Teatrınızın aktyorları əsasən gənclərdir. Bəzən bunu bir nəfər istedadlı adamın ətrafına cavanları yığıb özünü göstərməsi kimi qiymətləndirirlər...
-Bizim teatrda, tamaşada da gördünüz, gözəl aktyorumuz Atabala Səfərov da fəaliyyət göstərir. O, teatrımızın sərəncamçı direktorudur, mən isə bədii rəhbəri. Gənclərlə işləməkdə məqsəd isə yalnız və yalnız gələcək aktyorlar nəslinin yetişməsinə kömək etməkdir. Mən inanıram ki, teatrımızın cavanları içindən gələcəyin adlı-sanlı sənətkarları yetişəcək.
-Uzun müddət işlədiyiniz Dram Teatrı üçün qəribsəmirsiniz ki?
-Mən işlə məşğulam, odur ki, qəribsəməyə heç vaxtım belə yoxdur.
-Özünüzü yeni dövrə uyğun işbaz adam hesab edirsinizmi?
-Bəli. Bizdə sovet dövründən qalma belə bir psixologiya var ki, daim gileylənirlər, kimdənsə hamilik gözləyirlər. Sözdən işə keçmək lazımdır. Hər kəsin bəxti, taleyi mütləq öz əlində olur.
- Sizi həyatda bəxti gətirmiş adam saymaq olarmı?
-Mənə həmişə Allah kömək edib. Allah da deyir ki, səndən hərəkət, məndən bərəkət.
-Bəs, siz Allah üçün neynəmisiniz?
-Mən...
-Məsələn, hazırda oruc tutursunuzmu?
-Bilirsinizmi, bizim işimiz elədir ki, səhərdən axşama qədər məşğuluq. Mən həm də İncəsənət Universitetində aktyor sənətindən dərs deyirəm. məşqlər, institut, tamaşalar... Doğrusu, vaxt olmur.
-Səyavuş Aslan, Hacıbaba Bağırov, Yaşar Nuriyev, Eldəniz Zeynalov, Arif Quliyev və bura Telman Adıgözəlovu da əlavə etmək olar. İlham Əhmədov bir gülüş ustası kimi bu komiklər içərisində öz yerini necə görür?
-Məncə, aktyor birinci növbədə klassikada öz sözünü deməyi bacarmalıdır. Bu cəhətdən Yaşar əvəzolunmazdır. O, həm müasir, həm də klassik tamaşalarda öz sözünü deyə bilir. Mənim də çoxlu klassik rollarım olub. Məsələn, Qoqolun “Müfəttiş”ində Xlestakov, Qoldoninin “Mehmanxana sahibəsi”ndə Markiz, Mirzə Fətəli Axundovun “Müsyo Jordan və Dərviş Məstəli Şah”ında həm Müsyö Jordan, həm də Dərviş Məstəli Şah...
-Bəs, Miniatür Teatrında, nə əcəb, klassik əsərlər qoymursunuz?
-Bizim teatr günün ən zəruri tələblərinə cavab verən müasir tamaşalar üstündə qurulub. Bu, ümumiyyətlə miniatür teatrların xüsusiyyətidir. Amma bizdə müasirliyin özü də həmişə klassikaya söykənir. İndicə baxdığınız “Yorğanını ayağına görə uzadan teatr” tamaşasında kimlərə parodiyalar yox idi – Nizamiyə, Axundova, Şekspirə, Mirzə Cəlilə, Füzuliyə, Üzeyir Hacıbəyova... Amma biz klassikanı yeni yozumda təqdim edirik. Məsələn, tamaşadan da gördüyünüz kimi, Məcnun səhranı özəlləşdirib, qum satır, Gülçöhrə isə xlor.
-Neçə övladınız var və onlardan aktyor sənətini seçən varmı?
-Böyük qızım Bakı Dövlət Universitetinin psixologiya fakültəsində oxuyur, kiçik qızım isə hələ məktəblidir, 11-ci sinifdə oxuyur, ingilis dilini öyrənir.
-Aktyorluq bir ailə başçısı kimi sizin üçün problemlər doğurmur ki?
-Yox, bizim ailə üzvləri müasir və ağıllı adamlardır.
-Hərdən oynadığınız qadın rollarına görə ailədə etiraz edən olurmu?
-Mənim qadın rollarım, axı deyəsən, o qədər də çox olmayıb. Bir dəfə “Kişilər”də Hüseyn Ağabacı, bir də ayrı-ayrı yumoristik monotamaşalarda.
-Yeni nə tamaşalar hazırlayırsınız?
-Rəhman Əlizadənin ziyalılarımızın faciəsinə həsr olunmuş “Bəxtimin kələyi” tamaşasının məşqləri gedir. Bir də Rövşən Mustafayevin “Ruhları çağırıram” əsərini hazırlamaq fikrindəyik.
-Təssəvvür edin ki, sehrli xalçaya minib başqa planetə gedirsiz, bir daha geri dönməyəcəksiz. Özünüzlə yalnız bir şey götürməyə icazə verirlər. Nəyi seçərdiz?
- Mən gülüşü götürərdim.
- Allahn sizə həmişə gülüş qismət eləsin.
-Sağ olun.
“Ədəbiyyat və incəsənət”
(12.04.2023)