BU GÜN XALQ ARTİSTİ İSMAYIL OSMANLININ 121-Cİ İLDÖNÜMÜDÜR
Çox-çox öncələr “168 saat” qəzetində balaca uşaqlar arasında düşmən obrazlarına qarşı nifrət aşılayan bir sorğu keçirilirdi. Təbii ki, ermənilər, faşistlər deyirdi uşaqlar düşməndən söz düşmüşkən. Amma bir uşaq da Kələntər dedi, söhbət Xalq artisti İsmayıl Osmanlını “Yeddi oğul istərəm” filmində oynadığı Kələntər dayı obrazından gedirdi.
Bu gün Xalq artisti İsmayıl Osmanlının anadan olmasından 121 il ötür.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, İsmayıl Osmanlı 1902-ci il aprelin 11-də Şəkidə yoxsul bir ailədə doğulub. 11 yaşında atadan yetim qalan balaca İsmayıl Şəki ipək fabrikində işləməyə məcbur olub. Həyatın hər cür üzünü görəm İsmayıl Osmanlı mükəmməl təhsil ala bilməyib. Amma elə uşaqlıqdan arzularının dalınca gedib. O illərdə ölkədə bir teatr bumu yaşanırdı, dram dərnəklərinə addımbaşı rast gəlinərdi. İsmayıl da bu sənətin vurğunu idi, sonda da
mükəmməl aktyor olmağı bacarıb...
1920-ci ildə Şəkidəki Fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. 1922-ci ildə ailə vəziyyəti ilə əlaqədar Gəncəyə köçüb və 6 il buradakı həvəskarlar teatrında çalışıb. 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb. 1929-cu ildə həmişəlik Bakıya köçərək Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının sonuna qədər burada işləyib.
İsmayıl Osmanlının yaratdığı obrazlar xarakterlərinə görə bir-birindən fərqlənir. Görkəmli sənətkarın "Azərbaycanfilm"in istehsal etdiyi bir çox ekran əsərlərində oynadığı rolları yaşlı və orta nəsil tamaşaçılar böyük məhəbbətlə xatırlayırlar.
"Kəndlilər" filmində (daxili işlər naziri), "Bir məhəlləli iki oğlan"da (Mahmud), "O olmasın, bu olsun"da (Rza bəy), "Əsl dost"da (Usta Şirəli), "Yenilməz batalyon"da (dərzi Yusif), "Mən ki gözəl deyildim"də (Poçt müdiri Şərif), "26-lar"da (Şahbazov), "Ulduzlar sönmür"də (Hacı Zeynalabdin Tağıyev), "Nəsimi"də (Nəimi), "Yeddi oğul istərəm"də (Kələntər) və sair filmlərdə yaratdığı obrazlar buna misal ola bilər.
Gah poçtalyon, gah faytonçu, gah qolçomaq, gah hürufi təriqətçisi…
Hər obraza da ürək qoyub.
Onun "Poçt qutusu" hekayəsinin motivləri əsasında çəkilmiş eyniadlı qısametrajlı filmdə yaratdığı avam Novruzəli obrazı 1968-ci ildə Zaqafqaziya və Ukrayna telefilmləri festivalında "Ən yaxşı kişi roluna görə" mükafatına layiq görülmüşdü...
İsmayıl Osmanlı 1940-cı ildə Azərbaycanın Əməkdar artisti, 1949-cu ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.
Görkəmli aktyor 1978-ci il iyunun 22-də vəfat edib. Məzarı Fəxri xiyabandadır.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(11.04.2023)