Ölkəmiz Qazaxıstanda keçirilən beynəlxalq teatr festivalında təmsil olunub

Qazaxıstanın Kokşetau şəhərində “Salam” Beynəlxalq Komediya Tamaşaları Festivalı keçirilib. Səhnə sənəti ilə məşğul olan insanları bir araya gətirmək, ictimaiyyətin diqqətini müasir komediya janrına yönəltmək, yeni teatr prosesinə təkan vermək və yaradıcılıq əlaqələrinə nail olmaq məqsədilə keçirilən ilk festivalda Qazaxıstan, Qırğızıstan və Özbəkistandan ümumilikdə 9 dövlət teatrı təmsil olunub.

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, festivalın münsiflər heyətində Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı və Avrasiya Teatrlar Assosiasiyasının Azərbaycan təmsilçisi, Gəncə Dövlət Dram Teatrının aktyoru Yusif Cəfərov da yer alıb.

Festivalda ən yaxşı komediya, ən yaxşı rejissor işi, ən yaxşı aktyor və aktrisa, ən yaxşı tamaşa musiqiləri və tərtibatı kimi ümumilikdə 9 nominasiya üzrə qaliblərə pul mükafatları və diplomlar verilib. Sənət yarışının qalibi isə Astanadakı A.Mambetov adına Dövlət Dram və Komediya Teatrının “Çarli Çaplin” tragikomediyası olub.

Festival barədə təəssüratlarını bölüşən Yusif Cəfərov bildirib ki, bu kimi tədbirlər teatr mübadiləsi baxımından böyük əhəmiyyət kəsb edir. Festivalın sırf komediya janrlı tamaşalar üzərində qurulması janra marağı da artırır. Onun fikrincə bu kimi festivallar sənət və təcrübə mübadiləsi ilə yanaşı yeni teatr meyllərinin, aktyor oyunu, rejissor işi, səhnə tərtibatı, musiqi həlli kimi vacib kollektiv işlərin yeni forma və üslublarını mənimsəmə baxımından da yaxşı fürsətdir.

Qeyd edək ki, ikinci “Salam” festivalı gələn ilin may ayına planlaşdırılır.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.