“Ədəbiyyat və incəsənət”in daimi müəllifi Elman Eldaroğlu bu dəfə aktyor İlqar Cahangir barədə yazır. Özü də yazmır, sual qoyub cavab gözləyir əslində.
İlqar Cahangiri bu ölkədə tanımayan az adam tapılar. Öz pərəstişkarları olan, sevilən aktyorlardan biridir. İstedadı ilə özünü təsdiq etmiş sənətkarlardandır. Ölkə rəhbəri tərəfindən "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına da layiq görülüb. Di gəl ki, uzun müddətdir işsizdir, rəsmi olaraq heç bir yerdə çalışmır. Nə yaxşı ki, seriallara dəvət alıb ara-sıra rollara çəkilir. Yoxsa tamamilə fəaliyyətsiz qalardı, necə deyərlər, dolanışığını da nizamlaya bilməzdi...
Çox maraqlıdır, görəsən ölkəmizdə fəaliyyət göstərən teatrların rəhbərləri haraya baxır. Yəni doğrudanmı İlqar Cahangir bir aktyor kimi onların nəzərlərindən çox uzaqdadır? Onu görmək, iş təklif etmək eləmi çətindir?
Təvazökar olduğundan işsizlik problemini dilə gətirməsə də, sıradan bir pərəstişkarı kimi, inanıram ki, yuxarıda qeyd etdiyim sualların cavabını tapmaqda kimsə bizə yardımçı olacaq...
“Ədəbiyyat və incəsənət”
(03.04.2023)