Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının “College Awards” – Gənclər Emmisi mükafatının təqdimat mərasimi keçirilib.
Mərasimdə ölkəmiz də təmsil olunub, “Real” Televiziyasının Proqramlaşma Departamentinin rəhbəri, Real FM-də yayımlanan “Cinema Radio” Kino Radio Kanalının rəhbəri, Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü, mükafatının builki münsiflər heyətinin üzvü Kamran Qasımovun timsalında.
“Ədəbiyyat və incəsənət” portalı Kamran Qasımova istinadən məlumat verir ki, mərasimdən sonra o, Amerika Televiziya Akademiyasının vitse-prezidenti Laurell Vitmkob, Akademiya Fondunun sədri Kris Abrego, Akademiyanın qubernatorlarından olan Skot Frimanla müzakirələr aparıb.
Qeyd edək ki, bu il Akademiya Fondu Gənclər Mükafatını “Ən yaxşı dram”, “Ən yaxşı komediya janrında serial”, “Ən yaxşı animasiya”, “Ən yaxşı qeyri-oyun serialı”, “Ən yaxşı sənədli film” nominasiyaları üzrə təqdim edib. Münsiflər heyəti 1 ay ərzində filmlərin səsverməsində iştirak edərək nominantları müəyyən ediblər. 1977-ci ildən etibarən keçirilən “College Awards” kino və televiziya sahəsinə üz tutan gənclərin yaradıcılığını stimullaşdırmaq, yeni istedadların üzə çıxarılması məqsədini daşıyır.
“Ədəbiyyat və incəsənət”
(03.04.0223)