Oktyabrın 16-da Bakı Marionet Teatrı “Leyli və Məcnun” tamaşası ilə yeni mövsümünün açılışını edəcək.
AzərTAC xəbər verir ki, tamaşa insan və marionetlərin dili, Üzeyirin sehrli musiqisi və Füzulinin yanıqlı sözləri ilə gözləmədiyiniz səhnə quruluşunda təqdim olunacaq.
Tamaşanın quruluşçu rejissoru və rəssamı Tərlan Qorçu, musiqi aranjemançısı Salman Qəmbərov, kukla ustası Tengiz Xalvaşı, işıq işləri üzrə rəssam Azər Muxtarov, səhnə qurğularının müəllifi İlkin Mirzəyevdir.
Tamaşa ürkək, vəfalı, dünyalara sığmayan bir eşqin taleyindən bəhs edir. İki gənc – Leyli və Məcnun bir-birini canından artıq sevsələr də, bu dünyada arzularına qovuşmaq onlara nəsib olmur. Klassik Avropa ədəbiyyatının Tristan və İzolda, Romeo və Cülyetta kimi obrazlarının Leyli və Məcnun ilə birbaşa analogiyası da diqqət çəkir.
Qeyd edək ki, dahi bəstəkar Üzeyir Hacıbəyli 1907-ci ildə Şərq muğamı və Qərb klassik musiqisinin sintezi əsasında “Leyli və Məcnun” operasını yazıb. Opera Marionet Teatrının repertuarında xüsusi yer tutur. “Leyli və Məcnun” muğam operasının 14 pərdəlik marionet tamaşası üzərində 3 il ərzində işlənilib. Tamaşanın bədii-təsviri estetikasında Azərbaycan intibahı dövrünə təsadüf edən Qacar incəsənəti nümunələrindən bəhrələnib. Dekorasiya, kukla və rekvizitlər bir çox ölkələrin teatr ustalarının iştirakı ilə tərtib olunub.