“Məleykə Əsədovanı rayondan Bakıya – teatra mən gətirmişəm” Featured

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. 

Gənc Tamaşaçılar Teatrının aktrisası Lətifə Əliyevadan21.04.1998-ci il tarixində götürülmüş müsahibə. 

 

-Lətifə xanım, aktyorun həyatda da oynaması vacibdirmi?

-İki şeyi həmişə unutmuşam: qaynana və aktrisa olduğumu. Teatrdan çıxan kimi unutmuşam ki, aktrisayam. Birdən ya birinin baxışından, ya sözündən yadıma düşüb ki, mən aktrisayam. Məncə, aktrisa sadə da ola bilər. Mən Özbəkistanda, Türkmənistanda, Gürcüstanda elə sadə xalq artistləri görmüşəm ki, heç deməzsən ki, bunlar aktrisadırlar.

- Sizə nə əcəb fəxri ad verilməyib?

-(Fikrə gedir). Səhnə mənə nə verib ki, fəxri ad da versin. Mən ilk dəfə tamaşaya çıxanda səhnəni diz çöküb öpmuşdum. O vaxt mənə gülənlər olmuşdu. İndi belə etmərəm. Belə etməməyə mənim haqqım var. Ömrümün 30 ilini, ailə  saədətimi, səhnəyə qurban verdim. Əvəzində nə gördüm? Atam vaxtilə aktrisa olmağımı istəmirdi. İndi görürəm ki, haqlı imiş. Mən vaxtilə sənətə gəlməyimə etiraz edənlərin yanında xəcalətliyəm. Oğluma aktyor olmağı məsləhət görəndə qışqırdı üstümə ki, “kəs səsini, aktyor olmaq sənə nə verdi ki, mənə də nə versin”. Bəlkə də, düz deyirlər. Bəyəm doğulduğum yerdə yaşayıb, toyuq-cücəsi, qoyun-quzusu, həyət-bacası olan bir kənd qadını ola bilməzdim?

- Yəni doğrudanmı, sizin qədər məşhur aktrisaya bu otuz ildə bircə dəfə də olsun fəxri ad vermək barədə düşünməyiblər?

-Mən indi Xalq artisti olmalıydım, amma heç Əməkdar da deyiləm. Bir dəfə on il əvvəl mənə Əməkdar artist adı verməliydilər. Mədəniyyət nazirliyinin işçisi Elmira Əlyeva zəng vurub məni təbrik etdi, dedi Əməkdar artist adı almağın barədə qəzetdə məlumat veriləcək. Sabahısı məlum oldu ki, adı veriblər Gülşən Qurbanovaya. Teatrın o vaxtkı rəhbərliyi mənə üzrxahlıqla bildirdi ki, Lətifə, bizdən olmadı bu, biz sənin adını yazıb vermişdik, yuxarıdan zəng vurub dedilər ki, filankəs olmalıdır.

- Həyatda çoxmu pisliklə qarşılaşmısınız?

-Mən həmişə maneə hiss etmişəm. Gözləmişəm ki, nə vaxt mənə arzusunda olduğum dramatik rollar verəcəklər. Gözləyə-gözləyə də gəlib 54 yaşa çatmışam. Bircə dəfə mənə bir dramatik rol verdilər. Onu elə müvəffəqiyyətlə oynadım ki, daha rol vermədilər. Mənim, ümumiyyətlə, bir səhvim olub. Mən hiyləgərlik bilməmişəm. Nəyim varsa, elə məşq prosesindəcə açıb-tökmüşəm ortalığa. Ona görə ehtiyat ediblər ki, gələcəkdə kiminsə yerini dar edərəm. Tez başlayıblar mənə mənfi tipajlar, komik, epizodik personajlar verməyə. Bir dəfə teatrımıza xarici qonaqlar gəlmişdilər, tamaşamıza baxdılar, mənim obrazlarımı çox tərifləmişdilər. Mən də sadəlövhlüyümdən açıb bunu Firəngiz xanım Şərifovaya deyəndə qayıdasan ki, “səsini kəs, bu barədə bir adama bir kəlmə də demə. Yoxsa səni atdıraram bayıra”. Mənim heç vaxt, heç kəsin rolunda gözüm olmayıb. Sadəcə olaraq, mən də bir aktrisa kimi         inkişaf etmək istəyirəm. Qoy lap “prosmotru, premyeranı” oynasın, 5-6 tamaşanı da dalbadal oynasın. Amma insandır da, bir dəfə toya gedər, Allah eləməsin, xəstə olar, mən oynaram. Təxminən 2-3 il əvvəl Firəngiz xanım, məni çağırıb deyir ki, “niyə mənim dublyorum olmaq istəyirsən, nə istəyirsən məndən?” Nə vaxta qədər bitki, meymun rolu oynayım?

- Amma deyilənlərə görə, sizin meymununuz hətta xarici sənətşünasların belə diqqətini cəlb edib.

 - (Gülür) Olub belə şey. Xanım rolunu oynamağa nə var ki. Amma insan ola-ola heyvan rolunu oynamaq çox çətindir. Axı, mən bilirəm ki, içimdəki başqa şeydir. Mənim Gertrudam meymun olub, Dezdemonam sarmaşıq. Meymun rolunda sözüm də yox idi. “Qaraca qız” adlı tamaşanın quruluşçu rejissoru Ulduz xanım Rəfibəyli idi. Tamaşaya baxan xarici qonaqlara Ulduz xanım süfrə açmışdı. Tamaşadan sonra düşündüm ki, mənim o məclisdə oturmağıma ehtiyac yoxdur. Onda lap utancaq idim. Teatrdan, arxa qapıdan gizlicə çıxdım. Gecə növbəsində xəstəxanada sanitar işləyirdim. Növbəni təhvil almalı idim. Bir də gördüm Ulduz xanım ardımca düşüb, məni çağırır. “Sənə nə olur, haqq olur, sən ölməlisən!” dedi. Məni zorla geri qaytardı (gözləri dolur). Nə yaxşı ki, belə insanlarla da rastlaşmışam həyatda. Sən demə inanmayıblar ki, meymun rolunu oynayan insandır, elə biliblər ki, meymundur elə. Baxmaq istəyirmişlər ki, görək axı, bu, necə aktrisadır. Hamısı əlimdən öpürdülər. Dedilər ki, Praqada festival olacaq, əgər bu tamaşa festivala getsə, meymun rolu orada ən yaxşı yerlərdən birini tutar. Bu rolumdan sonra Ulduz xanımın köməyi ilə iki otaqlı ev verdilər mənə.

- İndi həmin evdə yaşayırsınız?

- Yox, bu evi iki ayrı-ayrı birotaqlı mənzillə dəyişmişəm. İki oğlum var. Hərəsi öz ailəsi ilə bu mənzillərin birində yaşayır.

- Bəs, siz harada olursunuz?

- Bir həftə birinin, bir həftə o birinin evində, rəfiqələrimin yanında.

- Kraliça  Lir vəziyyətinə düşməkdən ehtiyat etmirsiniz ki?

- (fikrə gedir, ağır-ağır) Edirəm...

- Həyatda rastlaşdığınız pislik və haqsızlıqlar sizə pislik edənlərə eyni formada cavab vermək arzusu doğurmayıbmı?

- Mənim şüarım yaxşılıq olub. Düşmənlərimi belə  sevirəm. Özüm də özümün bu cəhətimə nifrət edirəm. Tale məni əyib, həyat məni sındırıb. Yaxşı ki, Hüseynağa Sadıqov, Tariyel Qasımov kimi insanlar var imiş. Bu adamlar çətin günlərimdə mənə arxa durmasaydılar, yəqin ki, intihar edərdim.

- Heç intihar etmək istəmisinizmi?

 -Bir neçə dəfə istəmişəm. Amma, görünür, Allah məni saxlayıb. İki il əvvəl Prezident teatrımıza gəlmişdi. Məni onun görüşünə buraxmadılar ki, sənin “zvaniyan" yoxdur. Bu, o demək idi ki, get çatla, öl! Ağlaya-ağlaya gedirdim. Kim bilir, bəlkə də, mən o gün özümü metronun altına ata bilərdim. Birdən tanımadığım bir nəfər üzümə baxıb qayıtdı ki, “sən “İtkin gəlin”də Cahan rolunu oynayan deyilsən? Nə olar, sən Allah, belə qocalma!” Bu söz məni saxladı. Sonra başa düşdüm ki, bunu Allah dedirdib ona.

-Butun bunlar sizin adamlara qarşı kin bəsləməyinizə səbəb olmayıbsa, onda sizə heykəl qoymaq lazımdır.

-Baş rejissorumuz Ağakişi Kazımov bir dəfə mənə dedi ki, sən bütün pislikləri qatlayıb qoymusan dizinin altına. Bu, özümdən asılı deyil. “Kərgədan buynuzu” filminə bizimlə birlikdə çəkilən 100 yaşlı qoca bir rus aktrisası var idi. Onda görücülük qabiliyyəti var idi. Birdən-birə o bamının içində mənə baxıb dedi: “Sən ancaq xeyir işlər görməlisən, bu sənin ömrünü uzadar”.

- Xeyir işlər görmüsünüzmü?

-Elədiklərimi gərək yaxşılıq etdiklərim deyəydilər. Bəlkə də, onlardan bir çoxu indi məşhurlaşıb, utanırlar deməyə ki, bizə beç bir fəxri adı olmayan Lətifə kömək edib. Rayona qastrola gedəndə Məleykə Əsədovanı Bakıya – teatra mən gətirmişəm. Xahiş etdilər ki, kömək et, gətirdim Bakıya, teatra işə düzəltdim, indi heç yerdə demir ki, məni bu sənətə kim gətirib və necə gətirib.

- Oğlanlarınızdan razısınız?

-Razıyam. Böyük oğlum Etibar mənimlə birlikdə özümün yaratdığım “Haray” teatrında işləyir. Kiçik oğlum Arif kompyuterçidir. Dörd nəvəm var. Mənə də Xannənə deyirlər. İranda “Divlər zindanı” filminin çəkilişinə gedəndə iranlı bir kino işçisi mənə belə demişdi. Bunu eşidib nəvələrim də belə deyirlər.

-“Haray” teatrından gələn gəlir dolanışığınıza bəs edir?

-Biletin birini ya min, ya da beş yüz manata (devalvasiyadan əvvəlki pul – red.)  satıram. Rayonlara qastrola gedirəm. Gedəndə pul borc götürürəm, qayıdanda borcu qaytarıram, özümə qalan xırda-xuruş da bəs edir ki, acından ölməyim. Sağ olsun Ağakişi müəllimi, kömək etdi, bu teatrı yaratdım. Bu olmasa, neyləyərdim? Düzdür, o hələ bir rejissor kimi indiyədək mənə rol verməyib. Amma teatr yaratmağıma kömək edib.

-Təsəvvür edin ki, sehrli xalçaya minib gələcəyə gedirsiniz. Geri dönməyəcəksiniz. Özünüzlə bir şey götürməyə icazə verirlər. Nəyi götürərdiniz?

-Yaxşılıqlarımı...

 

 “Ədəbiyyat və incəsənət”

(28.03.2023)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.