Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev İli” çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən silsilə tədbirlər davam edir. Bu fədbirlərdən biri də paytaxt teatrlarının bögələrə səfərlərinin təşkilidir.
“Ədəbiyyat və incəsənət” portalı Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, regionlarda mədəniyyət həyatının fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsi məqsədi daşıyan bu səfərlər bayram tətillərinin ilk günlərindən başlayıb.
Novruz bayramı günləri paytaxtın səkkiz aparıcı mədəniyyət ocağının kollektivi ölkənin müxtəlif regionlarında maraqlı repertuarla bölgə tamaşaçılarının qarşısına çıxıb. Proqram çərçivəsində ilk qastrol edən kollektiv Azərbaycan Dövlət Yuğ Teatrı öz “Şəbədə” tamaşası ilə Şamaxıya yollanıb. Kollektiv martın 20-də Şamaxı rayon Mədəniyyət Mərkəzində sənətsevərlərin qarşısına çıxıb.
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı heyət martın 22-si Salyan və Lənkərana gedib. Kuklaçılar M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını əvvəlcə Salyan Dövlət Kukla Teatrında nümayiş etdirib. Həmin gün kollektiv Lənkəran şəhərindəki uşaq evi sakinlərinin də könlünü oxşayıb.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Gəncə teatrsevərlərinin qonağı olub. Kollektiv martın 22-də Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında eyniadlı tamaşanı Gəncə teatrının səhnəsində nümayiş etdirib.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı İbrahim Sadıxovun “Molla Nəsrəddinin beş arvadı” əsərinin tamaşası ilə martın 23-də Mingəçevir teatrının səhnəsində çıxış edib.
Şuşa Dövlət Musiqili Dram Teatrı isə “Lənkəran xanının vəziri”ni qusarlı tamaşaçılarla görüşdürüb. Axundzadənin bu məşhur əsərinin tamaşası martın 23-də Qusar Dövlət Ləzgi Dram Teatrında oynanılıb.
Azərbaycan Dövlət Pantomim Teatrı martın 24-də Qəbələ rayon Mədəniyyət Mərkəzində “Pantomim buketi”ni nümayiş etdirib.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Sumqayıt teatrsevərlərinin görüşünə gedib. Yaradıcı heyət “Dəcəl keçi” nağıl-tamaşasını martın 26-da təqdim edib.
Ən nəhayət bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Məlikməmməd” nağıl-tamaşası ilə Şəkidə teatrsevərlərin qarşısına çıxacaq.
Gözəl təşəbbüsdür. Yalnız alqışlamaq lazımdır.
“Ədəbiyyat və incəsənət”
(27.03.2023)