Yetimlik acısı çəkən, Şamaxıdan Bakıya ümid dalınca gələn, Üzeyir bəydən dərs alan, xidməti maşınla teatra getməkdən imtina edən görkəmli aktyor Featured

 

Bu gün Ağasadıq Gəraybəylinin anadan olmasının 126 illiyidir

 

Bu gün Azərbaycanın Xalq artisti, unudulmaz sənətkarımız Ağasadıq Gəraybəylinin anadan olmasından 126 il ötür. Təbii ki, hətta onun adını eşitməyə macal tapmayan yeni nəsil rəsmini görən kimi onu tanıyacaq, axı ömrünü Azərbaycan teatr və kino sənətinə həsr edən Ağasadıq Gəraybəyli bütün zamanlarda xatırlanacaq çox dəyərli obrazlar qalereyası yaradıb. O, adını Azərbaycan teatr və kino tarixinə böyük həriflərlə yazdırmağı bacarıb. “O olmasın, bu olsun” və “Bəxtiyar” filmlərində yaratdığı obrazlar - Rüstəm bəy və Klub müdiri Ağabala isə sadəcə möhtəşəmdir. 

 

“Ədəbiyyat və incəsənət” görkəmli aktyorun həyat hekayəsini sizlərə təqdim edir. O, 1897-ci ildə Şamaxıda dünyaya göz açıb, yetimlik acısı yaşayıb, sonra Bakıya köçüb, orada bir ailə onu himayəyə götürüb. Məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub. Hüseyn Ərəblinskidən, Mirmahmud Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin sayəsində “Nicat”, sonra “Səfa” həvəskar teatr dərnəklərinə üzv olub. 1921-ci ildə Cəlil Məmmədquluzadənin “Ölülər” pyesində kefli İsgəndər rolunu oynayıb. Üzeyir Hacıbəylinin qayğısı sayəsində teatr kursuna yazılıb. 

O, ümumən 200-dən çox müxtəlif rollarda səhnəyə çıxıb. Nəriman Nərimanovun “Nadir şah”, Üzeyir Hacıbəylinin “Arşın mal alan”, Cəfər Cabbarlının “Sevil”, “Od gəlini”, “1905-ci ildə”, sonralar “Vaqif”, “Həyat”, “On ikinci gecə”, “Xanlar” və s. tamaşalarda rol alıb. 1940-cı ildə Azərbaycan SSR-in Xalq artisti fəxri adına layiq görülüb. Teatrla yanaşı kinoda da maraqlı obrazlar canlandırıb. Elə yuxarıda adını çəkdiyimiz iki film - “Bəxtiyar” filmində klub müdiri Ağabalanı, “O olmasın, bu olsun” filmində Rüstəm bəyi xatırlatmaq bəs edər. 

Ağasadıq Gəraybəyli öz xatirələrini qələmə

almaqla çox nəcib bir iş görüb. Bu yerdə onun xatirələrinə nəzər yetirək:

 

“1897-ci ildə, Novruz bayramı qabağı Şamaxıda anadan olmuşam. Atamı erkən itirdim. Yetimə “gəl-gəl” deyən çox olar, əsl qayğı göstərən isə az. Ən çətin anlarımda yaradanımız imdadıma yetişdi. İndi də xatırlaya bilmirəm ki, necə oldu Bakıya gəldim. Ancaq qonşumuz Məşədi Məhəmmədin dedikləri hələ də qulaqlarımda səslənir: “Get, a bala, canın zəlzələdən qurtaracaq. Əlin Allahın ətəyində olsun. Zəhmət çəkərsən, bəhrəsini də görərsən”. Kimsəsiz uşaq idim. Tanımadığım bir darvazanı döydüm. Gülərüz, mehriban baxışlı, nurani, ahıl bir kişi qapını üzümə açdı. Elə bil məni çoxdan tanıyırdı. “Gəl görüm, nə istəyirsən?” Kimsəsiz olduğumu ona danışdım. Qəfil dilləndi: “Ay qız, Heyran, haradasan? Tanrı bizə zürriyyət göndərib”. Həmin gündən Əlisəttar kişidən atalıq, Heyran xanımdan analıq nəvazişi gördüm. Məktəbə gedəndə də bəxtim gətirdi. Sonralar yazıçı-dramaturq kimi tanınan Cəfər Cabbarlı ilə bir sinifdə oxuduq. Dövrün tanınan ziyalısı Hüseyn Ərəblinskidən çox mətləbləri öyrəndim. Mirmahmud Kazımovskinin təşkil etdiyi teatr dərnəyinə gedərdim. Ən çətin günlərim 1905-1907-ci illərdə oldu. Ermənilər Bakıda, bakılılara divan tuturdular. Yaxşı ki, niyyətlərinə çatmadılar. Haqq qalib gəldi. Dərslərimi pis oxumurdum. Ancaq yatanda da yuxuda teatr, səhnə görərdim. Hüseyn Ərəblinskinin sayəsində “Nicat”, sonra “Səfa” həvəskar teatr dərnəklərinə getdim. İlk dəfə yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevi 1913-cü il martın 15-də gördüm. Sərt xasiyyətli adam idi. Əhvalı yaxşı olanda isə üz-gözündən nur yağardı. İlk oxucularından biri də mən olmuşam.

Üzeyir bəy peyğəmbər xislətli şəxsiyyət, düha sahibi idi. Onun bircə amalı vardı: Azərbaycan ədəbiyyatı, musiqisi, teatrı ilə dünyada tanınsın. 1921-ci ildə Cəlil Məmmədquluzadənin “Ölülər” pyesində kefli İsgəndərin monoloqunu söyləyib səhnədən düşəndə məni yanına çağırdı. Əllə görüşdü, üzümdən öpdü, saçımı tumarladı. “Sənin kimi azərbaycanlılarla fəxr etmək lazımdır” – dedi. Üzeyir bəyin qayğısı sayəsində teatr kursuna yazıldım, ilk əməkhaqqı aldım, mənə birotaqlı mənzil verdilər. Ailə qurdum. Toy günü xeyirxahımın dediyi kəlamı dönə-dönə xatırlayıram: “Ailə qurmaq asandır, ailəsinin qədrini bilmək isə nər kişinin hünəridir”.

“Otuzuncu illər idi, şəhərin mərkəzində, Xaqani küçəsi 19-da yaşayırdım. Görkəmli müğənni Bülbüllə, Xalq yazıçısı Mirzə İbrahimovla, Xalq şairi Süleyman Rüstəmlə qonşu idim. Bir gün Süleyman müəllim mənə dedi: “Ay qardaş, ay qonşu, ay oynadığın rollara can, nəfəs verən aktyor, niyə iş yerinə piyada gedib-gəlirsən? Sabahdan mənim xidməti maşınım səni teatra aparıb gətirəcək”. Mənim cavabım isə qısa oldu: "Yox, Süleyman, hələ ki, ayaqlarım sözümə baxır. Bir də qardaş, mənim doğma xalqımdan nə gizlinim? Teatrın binasından evimə gələnəcən yüzlərlə adam mənə salam verir, əhvalımı soruşur. Bundan da böyük şərəf, şöhrət olar?!”

Bax bu qədər. Allah ulu sənətkara qəni-qəni rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(15.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.