“Azərbaycan aktyorlarının həyatlarından maraqlı anlar “ layihəsində Əyyub Qiyas bu dəfə aktyor Hüseyn Ərəblinskini (1881-1919) təqdim edir.
1-ci əhvalat
Vəziyyətimiz çox ağır idi, təhsil xərcini ödəyə bilmədiyimiz üçün bir neçə ildən sonra mollaxananı tərk etməyə məcbur oldum. Ancaq tale üzümə güldü, eşitdim ki, görkəmli maarifçi Həbib bəy Mahmudbəyov kasıb uşaqların “Üçüncü rus-tatar” məktəbində pulsuz oxumaları üçün şərait yaradıb. Mən də vaxt itirmədən Həbib bəyə müraciət etdim:
– Həbib bəy, mollaxanda oxumağa imkanımız yoxdur. Nə olar, məni də bu məktəbə qəbul elə, oxuyum.
– Demək, mollaxanada oxumusan. Onda yazıb-oxumağı bilərsən.
– Bilirəm, Həbib bəy. Yaza da bilirəm, oxuya da. Ancaq daha çox şey öyrənmək istəyirəm.
– Nə deyirəm, bala, gəl. Mən bu məktəbi onsuz da sənin kimi elm öyrənmək istəyən, amma imkanı olmayan kasıb müsəlman balaları üçün açmışam.
2-ci əhvalat
Mənim əsas teatr fəaliyyətim 1903-1904-cü illərdə yaranan “Müsəlman artistləri cəmiyyəti” ilə sıx bağlıdır. Bu cəmiyyətin tamaşalarında ilk uğurlu çıxışlarımı etdim.
Cəmiyyətin təşəbbüsü ilə 1905-ci ildə, Azərbaycan teatrı tarixində ilk qastrol səfəri Lənkərana oldu. Truppa üzvləri məni də qastrola gedənlərin arasında görəndə təəccübləndilər. Qastrola Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsini aparmışdıq. Tamaşaya iki saat qalmış birdən xəbər çıxdı ki, baş rolu – Fəxrəddini oynayacaq aktyor xəstələnib.
– Hüseyn, tez, paltarını dəyiş, qrilmlən, Fəxrəddini sən oynayacaqsan, – truppa müdiri, qaranəfəs gəlib bu sözləri mənə deyəndə çaşıb qaldım.
– Mən axı məşq eləməmişəm.
– Məşqlərin hamısında olmusan, özüm də bilirəm, bir kənara çəkilib rolu əzbərlədiyini çox görmüşəm. İndi vaxt itirmək olmaz, tez ol, artist yoxdur, başa düşürsən, xəstələnib. Yoxsa tamaşaçılar bizi daşa basar.
Tez-tələsik qrim otağına cumdum. Rolun uğurlu alınması üçün əlimdən gələni elədim. Nə bilim, deyəsən, hamı razı qaldı.
3-cü əhvalat
Bir gecə tamaşadan sonra evə qayıdırdım, qaranlıq, kimsəsiz küçə ilə gedir, bir qədər əvvəl başa çatmış tamaşanın sehrindən hələ də qopa bilmirdim. Birdən kimsə arxadan əlini çiynimə qoyub məni yolumdan saxladı. Geri çevriləndə dayım oğlu Əbdülxaliqi gördüm. Axmağın, avaranın biriydi. Əlindən hər nə desən gələrdi.
– Nə vaxta qədər nəslimizin adını batıracaqsan? – deyə qəzəblə soruşdu.
– Mən nəslin adını batırmıram, dayıoğlu, əksinə, bir gün gələcək hamı bizim nəslimizi mənə görə xatırlayacaq – cavabını verdim.
– Mənə nağıl danışma. Bura sənin boş-boş sözlərinə qulaq asmağa gəlməmişəm. Sənə son xəbərdarlığımdır, ya bu mütrüflükdən əl çəkib kişi kimi bir işin qulpundan yapışacaqsan…
– Kişi kimi, yəni sənin kimi avaraçılıq eləyəcəm? Onun-bunun gözünü qorxutmaqla malına-puluna çökəcəm? – sualımla onu danışmağa qoymadım. Əbdülxaliq qəfil əl atıb xirtdəyimdən yapışdı. Məni divara dirəyib hədələdi:
– Danışma! Dediklərimi qulağında sırğa elə! Bu mütrüfülükdən əl çəkməsən baxmayacam bibimin göz yaşlarına, gülləni boşaldacam beyninə! İndi get, papağını qabağına qoy, fikirləş!
Yaxamı buraxıb getdi. Bir Əbdülxaliq yox, mini də olsaydı məni sevimli işimdən ayıra bilməzdi.
P.S. Amma Əbdülxaliqin 1919-cu ildə atdığı qəfil güllə Hüseyn Ərəblinskinin həyatına son qoydu. Böyük sənətkarın dəfni Bakıda böyük izdihamla, xalq sevgisi ilə keçirildi.