Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyi daha harada və necə qeyd olunub? Xəbərlərimizi davam etdiririk.
Məsələn, Akademik Milli Dram Teatrında “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası nümayiş olunub.
Və tamaşanın nümayişindən əvvəl Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov çıxış edib, milli teatrımızın tarixindən, keçdiyi inkişaf yolundan danışıb, tamaşaçıları təbrik edib.
Yubiley tədbirində sənət ocağının aktyorları – Xalq artistləri Rafiq Əzimov, Ramiz Məlik və Hacı İsmayılova təbrik məktubu və hədiyyə təqdim olunub.
Sonra tamaşa nümayiş olunub.
Tamaşanın quruluşçu rejissoru mərhum sənətkarımız, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu, rejissoru Anar Sadıqov, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şərif, bəstəkarı Xalq artisti Səyavuş Kərimidir. Rəqslərin quruluşu Zakir Ağayev və Yelena Ağayevaya məxsusdur.
Tamaşada Xalq artistləri Sabir Məmmədov, Cəfər Namiq Kamal, Əli Nur, Əməkdar artistlər Mətanət Atakişiyeva, Əlvida Cəfərov, Elnar Qarayev, Şəlalə Şahvələdqızı, Məzahir Cəlilov, Elxan Quliyev, Aslan Şirin, Kazım Həsənquliyev, Ayşad Məmmədov, Mirzə Ağabəyli, Rəşad Bəxtiyarov, aktyorlar İlyas Əhmədov, Şəhla Əliqızı, Ramin Şıxəliyev, İlahə Həsənova, Nigar Güləhmədova, Rüstəm Rüstəmov, Cümşüd Zeynalov, Elnur Qədirov, Elçin Əfəndi, Vüsal Mustafayev, Elsevər Rəhimov çıxış ediblər.
“Ədəbiyyat və incəsənət”
(13.03.2023)