Xalq artisti Bəşir Səfəroğlunun anadan olmasından 98 il ötür
-Bəs mənim makintojum nə oldu?
-O yaxşı oldu.
-Ay sağ ol. Belə danış da.
-Hamısı yavaş-yavaş yandı, amma sənin makintojun birdən yandı…
Dahi gülüş ustaları Bəşir Səfəroğlu ilə Əliağa Ağayevin məşhur səhnəsi yaddan çıxarmı?
O təkcə Milli kino və teatrımz üçün komik rollar yaratdığına görə yox, həm də xarici görünüşü, mimikası, özünü tamaşaçıya təqdimetmə bacarığı ilə də daim fərqlənirdi. İllər ötsə də Azərbaycan sənət tarixinə adı böyük hərflərlə yazılan, cəmi 44 il ömür yaşamış görkəmli aktyorumuz Bəşir Səfəroğlu hər zaman hörmət və rəğbətlə yad ediləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sevimli sənətkarımızın anadan olmasının 98-ci ildönümü tamam oldu. Daim güldürən bu aktyorun keçdiyi kəşməkeşli həyata, düşünürük, bir nəzər yetirmək yerinə düşərdi.
Bəşir Səfəroğlu 1925-ci il martın 11-də Bakıda dünyaya göz açıb. Yeddiillik təhsilini Bakıda aldıqdan sonra ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşıb.
Görkəmli aktyorun yumoru sərtdir, çevikdir, bitkindir. Komik ampluanın bu qolu yalnız Bəşir Səfəroğlu yaradıcılığı üçün xasdır. Sənətkar heç bir xüsusi peşə təhsili almayıb. Heç teatr təhsili də olmayıb. İlk dəfə səhnəyə 14 yaşında çıxıb və “Sevil” tamaşasında Gündüzü oynayıb. Bir il sonra Azərbaycan Dövlət Musiqili Teatrına gələrək tamaşalarda sözsüz rollarda çıxış edib. 1941-ci ilin noyabrında yaşı çatmasa da könüllü cəbhəyə gedib. 1942-ci ildə kontuziya alaraq eşitmə və danışma qabiliyyətini itirib. Bir müddət fəhlə, yük maşınının sürücüsü işləyib. Rejissor Niyaz Şərifovun məsləhəti ilə müntəzəm olaraq teatrın tamaşalarına baxmağa başlayıb. Bir müddət sonra isə onu truppaya aktyor qəbul ediblər.
Yaradıcılıq ehtirası ilə çırpınan Bəşir Səfəroğlu həyəcanlanır, daxili iztirablar keçirirdi. Ömrünün bu gərgin çağlarında o, yuxuda bərk həyəcanlanır və bununla da dili açılır. Həmin vaxtdan Bəşir Səfəroğlunun zəngin aktyorluq tarixçəsi başlayıb.
Bəşir Səfəroğlu cəmi 7 filmə çəkilib. “Aygün”, (Əmirxanın dostu), “Qəribə əhvalat” (Cəmil), “Əhməd haradadır?” (Sərxoş), “Ulduz” (Gülümsərov), “Xoca Nəsrəddinin 12 qəbri” (Nəsrəddin), “Yun şal” (Kişi) və “Yaşamaq gözəldir, qardaşım” (Səfər) bu yeddiliyi təşkil edir.
Altmışıncı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunan “Gəlməli, görməli, gülməli” miniatür teatrında Bəşir Səfəroğlu onlarla satirik obraz yaradıb.
Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyniadlı bədii-sənədli televiziya filmi çəkib.
Bəşir Səfəroğlunun rolun səhnə həllinə, qəhrəmanların sözlərinə münasibətdə fərqli mövqeyi vardı. Məsələn, o hər kəlməni müxtəlif intonasiyalarla mənadəyişiminə məruz qoyurdu. Bəşir Səfəroğlu qəhrəmanın vəziyyətinə psixoloji zəmindən yanaşırdı və oyununda gözgörəsi ifşa - özünü ifşa yox idi. O, sadəcə qəhrəmanın xarakterini və vəziyyətinin komikliyini açırdı. Onun öz obrazlarına münasibəti ciddi və bütöv idi. Nadan professora da, bürokrat Murtuzova da, səfeh polis rəisinə də ciddi məntiqlə yanaşırdı.
Aktyorun yaradıcılığında xüsusi yer tutan Möhsün (“Beş manatlıq gəlin”, Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Qaradavoy və Çiko (“Keto və Kote”, Vladimir Dolidze), Qoçu Əsgər və Məşədi İbad (“Məşədi İbad”, Üzeyir Hacıbəyli), Uzun və Nəcəf (“Durna”, Süleyman Rüstəm və Səid Rüstəmov), Qədir və Gülümsərov (“Ulduz”, Sabit Rəhman və Süleyman Ələsgərov), Salyanski və Qəhrəman (“Gözün aydın”, Məhərrəm Əlizadə və Fikrət Əmirov) və başqa obrazlar tamaşaçı qəlbinə yol tapıb.
Xüsusən qeyd edək ki, Bəşir Səfəroğlunun sənəti daim yüksək qiymətləndirilib və o, 1964-cü ildə Əməkdar artist , 1968-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb. Tanınmış sənətkar Bəşir Səfəroğlu 1969-cu il martın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Bəşir Səfəroğlu dünən olduğu kimi, bu gün də, sabah da bənzərsiz obrazları ilə qəlblərdə yaşayacaq.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(13.03.2023)