Şənbə və bazar günlərində iki tanınmış aktyorun dünyadan köçmələrinin ildönümü idi. “Ədəbiyyat və incəsənət” xəbər verir ki, onlardan biri “Ögey ana” və “Fəryad”la, digəri “Bakılı oğlanlar” ŞHK klubu ilə adlarını mədəniyyət tarixinə yazıblar.
Ceyhun Mirzəyev
Onun vəfatından 30 il ötməsinə baxmayaraq yaratdığı bənzərsiz rollar bu gün də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır.
Ceyhun Mirzəyev 1946-cı il aprelin 9-da Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) rejissorluq fakültəsini bitirib. Moskvada da təhsil alıb. Onun 46 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Çünki “Görüş” filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. On iki yaşı olanda isə “Ögey ana”ya dəvət almışdı.
“Ögey ana” filmindən sonra sənətdə Ceyhuna “yaşıl işıq” yanır, “Əsl dost”, “Matteo falkone”, “Qara qağayı”, “Yenilməz batalyon”, “Qanun naminə”, “Dəli Kür”, “Bakıda küləklər əsir”, “Yol əhvalatı”, “Qanlı zəmi” və “Lətifə” də daxil olmaqla ümumilikdə 25-ə qədər filmdə müxtəlif obrazlar yaradır.
Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Müxtəlif vaxtlarda assistent, rejissor köməkçisi, rejissor və aktyor kimi fəaliyyət göstərib. “Mozalan” satirik kinojurnalı üçün süjetlər çəkib. “Mozalan”ın bədii rəhbəri olub. Ceyhun Mirzəyev həm də parodiyaçılıq qabiliyyətinə malik olub. Belə ki, o, bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə yamsılamağı bacarırmış. Hətta “Mozalan”ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub.
Ceyhun Mirzəyevin son filmi “Fəryad” olub, lakin bu filmin premyerasında iştirak etmək ona qismət olmayıb. O, “Fəryad” filmini təkcə film kimi çəkmədi, faciənin dəhşətini hiss edə-edə xalqın, vətənin dərdini çəkdi. Özünə əziyyət verirdi, çox sarsılırdı. Çəkilişlər Goranboyda aparılırdı. Qayıdandan sonra aldığı qonorarı qəpiyinəcən Xocalı qaçqınlarına paylamışdı. Yoldaşları danışırdılar ki, çəkilişlərdə ürək dərmanlarının hesabına özünü saxlayırdı. Özü də epizodlarda texnikanın da təbii olmasına çalışırdı, insanların da. Ermənilərin onun qəhrəmanını döyməsi kadrları çəkiləndə təkid edirmiş ki, əməlli-başlı döyün, yalandan görüntü yaratmayın.
Tanınmış aktyor 1993-cü il martın 5-də vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.
Elçin Həmidov
Elçin Qəzənfər oğlu Həmidov 1958-ci ilin iyunun 29-da Bakıda anadan olub. Uşaq yaşlarından əvvəl atasını, sonra isə anasını itirən Elçini və bacı-qardaşlarını əmisi himayəyə götürüb. Əmisinin evində də ağır günlər yaşayan Elçinin əvvəl bacısı, sonra isə qardaşları dünyasını dəyişib.
Elçin Həmidov 1974-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xor artisti kimi çalışıb. 1977-1981-ci illərdə İncəsənət İnstitutunun “Dram-kino aktyoru” fakültəsində Ali təhsil alıb.
1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalisti olub. Məlahətli səsə və məharətli aktyorluq bacarığına malik olan Elçin, klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində özünəməxsus maraqlı obrazlar yaradıb.
“Olmadı elə, oldu belə”də “Gülüstan”, “Boşanaq, evlənərik”də “İkram”, “Qarğa məndə qoz var”da “Zərzibonskaya”, “Qızıl gül”də “Azay”, “Beş manatlıq gəlin”də “Nadir”, “O olmasın, bu olsun”da “Rza bəy”, “Talelər qovuşanda”da “Totuş”, “Ər və arvad”da “Kəblə Qubad” rolları ilə tamaşaçıların ürəyini fəth edib.
Elçin Həmidov bariton və soprano səsə malik olub. Tanınmış sənətçiləri parodiya etməyi isə başqa bir aləm idi. Onda qadın və kişi rolları çox koloritli alınırdı. Bu mənada Elçin bənzərsiz aktyor idi. İlhamə Quliyevanı necə parodiya etməsi yadınızda olar yəqin.
Onun parodiyalarını uşaqdan böyüyə hər kəs çox sevərək izləyirdi. İstedadlı aktyor, həmçinin “Planet Parni iz Baku” şən və hazırcavablar klubunun əsas simalarından biri idi.
Elçin bu teatrda gözəl obrazlar yaradıb. O cümlədən “Məhəllə 1” və “Məhəllə 2” filmlərində canlandırdığı “Məzi” obrazı gülməli olmaqla bərabər, həm də düşündürücüdür. Bundan başqa Elçin Həmidov televiziya verilişlərində də aparıcılıq edib. Onun “Tez bazar”, eləcə də mətbəx verilişləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Onun son obrazı Nikolay Vasilyeviç Qoqolun “Evlənmə” komediyasında “Yaiçnitsa”dır.
2011-ci il martın məhz bu günü aktyor 52 yaşında qəfildən dünyasını dəyişib. Elçin Həmidov Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.
Hər ikisinin ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(06.03.2023)