Azərbaycan Televiziyası Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə 3 bədii-sənədli film hazırlayıb. Bu filmlərdən biri “Ağrı”, digəri “Xocalı səmasının şahidləri”, o biri isə “Ağrılı ümidlər: Xocalı hekayəsi” adlanır.
Fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş soyqırımını lentə alanlar gördüklərini ilk dəfə Azərbaycan Televiziyasında nümayiş olunan “Ağrı” filmində danışıblar.
“Xocalı səmasının şahidləri” filminin qəhrəmanları isə Xocalı faciəsinin ilk şahidləridir. Məhz onların ötürdükləri informasiyadan sonra dünya bu amansız faciədən xəbər tutub. Çəkilişlər faciənin baş verdiyi məkanda aparılıb. Xocalı faciəsinə işıq tutan xatirələr izləyiciləri o illərə aparır.
Xocalının işğaldan sonra ən yaxın görüntüləri ilk dəfə “Ağrılı ümidlər: Xocalı hekayəsi” filmində nümayiş olunub. Çəkiliş qrupu indiyə kimi heç bir televiziya kanalının gedə bilmədiyi nöqtələrdən çəkilişlər edib.
Çəkiliş qrupu Xocalı qırğını vaxtı lentə alınan real kadrların izi ilə araşdırma aparıb. Filmin baş qəhrəmanı o zaman Ağdam məscidinin qarşısında belə bir fikir səsləndirmişdi: “Heydər Əliyev hakimiyyətdə olsaydı, Xocalı faciəsi baş verməyəcəkdi”. Adi bir gəncin o vaxt cəsarətlə söylədiyi fikir filmin leytmotivini təşkil edir.
Hər üç film AzTV ilə yanaşı “Park Bulvar”da yerləşən “Park Cinema” kinoteatrında da ödənişsiz nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(27.02.2023)