“Məhşər günü”nün premyerası olub

Müstəqil “M.Teatr”ın səhnəsində müasir gürcü yazarı Gela Dumbadzenin "Gecə qonağı" əsəri əsasında hazırlanmış "Məhşər günü" tamaşasının premyerası olub.

 

Yeni tamaşanı səhnələşdirən Xalq artisti Vidadi Həsənov, quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımov, xoreoqrafı Oksana Rəsulovadı.

Səhnə əsərində rolları Xalq artisti Vidadi Həsənov (Mən), gənc aktyorlar Şahanə Yusifova (Qadın əcəl) və Tohid Əzim (oğlan əcəl) ifa ediblər.

Bir bölümlü əcəl oyunu kimi hazırlanan “Məhşər günü” tamaşası uğurlu karyera qurmuş, bu yolda bir sıra mənəvi dəyərlərini itirmiş və ölümə məhkum edilmiş, istedadlı, təcrübəli dövlət müşavirindən bəhs edir. O, hər şeydən bezir, gərəksiz biri olduğunu anlayır və özünü öldürmək qərarına gəlir. Odur ki, tapança ilə rus ruletkasını vasitə seçərək həyatı ilə oyuna başlayır. Hər cəhdində gülləyə tuş gəlməyən qəhrəman itirdiyi sevgilisini, ustadını, dostunu xatırlayıb onlara layiq olmadığını anlayır və israrla amansız oyununa davam edir. Bir sözlə, içində kök salmış laqeydliyi, təkəbbürü, xudbinliyi tədricən məhv edib əvəzində sevgi, savab kimi mənəvi keyfiyyətləri dirçəltməyi bacarır. Nəhayət, anlayır ki, bu mənəvi keyfiyyətlər insan həyatında əvəzi olmayan dəyərlər və həqiqətlərdir.

Premyeradan sonra tamaşaçılar yaradıcı heyətlə səhnəarxası görüş keçirib, onlarla xoş təəssüratlarını bölüşüblər.

Sonda: yəqin soruşacaqsınız, “M.Teatr” nə anlamı verir. Deyək. Yəni ki, Mənim teatrım.

 

“Ədəbiyyat və incəsənət”

(21.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.