“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Valeh Kərimovdur.
VALEH KƏRİMOV
(1944)
***
Sumqayıt teatrında “Qarışqa yuvası” pyesinin məşqləri gedirdi. Müəllif də bəzi məşqlərdə iştirak edirdi. Mən dramatik, sadəlövh və kommunizm sevdalı bir veteranı oynayırdım. Bəzən aktyorlar dialoqlara yerli-yersiz sözlər əlavə edirdilər, müəllif birmənalı şəkildə bunun əleyhinə idi. Təcrübəmə arxalanıb mən də öz yerimə bir neçə əlavə etmişdim. Məşqdən sonra aktyorlar müəllifdən fikirlərini soruşdular.
– Düzünü deyin, mənim əlavəm necə idi? – aktyorlardan biri xəbər aldı.
– Açığını deyim ki, çox pis.
– Bəs mənim? Məncə, bunu saxlamaq olar.
–Fikirlərimi sizə açıq deyəcəyəm, biz burada rejissorla da məsləhətləşdik, əlavələr qətiyyən yerində deyil, tamaşaya şitlik qatır.
Beləcə, aktyorların əksəriyyəti etdikləri əlavələrlə bağlı müəllifin birmənalı etirazı ilə qarşılaşdılar. Mənsə susub qalmışdım. Hər kəs sözünü deyib bitirəndən sonra müəllif üzünü mənə tutdu:
– Valeh müəllim, bura da qeyd eləmişəm, sizin əlavəniz lap yerindədir. Mütləq onu saxlayın. Tamaşada da deyin, “əvvəllər belə oxumağa görə adamı tutub salardılar dəlixanaya”… Qoy o qalsın…
Bax belə! Ən inamsız mən idim, yalnız mənim əlavəm keçdi.
“Ədəbiyyat və incəsənət”
(08.02.2023)