“Azərbaycan teatr sənətində fövqəladə vəziyyət elan olunmalıdır...” – Fuad Poladov Featured

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. 

Xalq artisti Fuad Poladovdan 23.05.1998-ci il tarixində götürülmüş müsahibə. 

 

 

 May ayının 24-də görkəmli aktyorumuz, Xalq artisti Fuad Poladovun 50 yaşı tamam olur. Bu münasibətlə Fuad bəyi təbrik edir, ona sənətdə və şəxsi həyatında uğurlar diləyirik.

 

-​Fuad bəy, artıq on ildir ki, Rus Dram Teatrının səhnəsindəsiniz. Ömrünüzün iyirmi ilini həsr etdiyiniz Milli teatr üçün darıxmırsınızmı?

 

-​Darıxıram, amma hələ ki fəaliyyətimi bu teatrda davam etdirməliyəm. Burada işləmək məni qane edir. Əlbəttə, öz doğma dilində obraz yaratmaq tamam başqa şeydir. Amma aktyor üçün dil gərək maneəyə çevrilməsin.

 

-​Necə fikirləşirsiniz, Rus Dram Teatrının səhnəsində bir aktyor kimi boy artımınız olubmu?

 

-​Şübhəsiz ki, mən burada daha samballı dramaturji materialla işləmişəm: Çexov, Bernard Şou, Hüseyn Cavid, Artur Miller… Hər bir aktyorun arzusudur ki, Çexov dramaturgiyası ilə yaradıcılıq əlaqəsində olsun. Mən onun iki obrazını yaratmışam: “Albalı bağı”nda Lopaxini, “Qu quşunun nəğməsi”ndə Svetlovidovu.

 

-​Siz təxminən 25-30 il əvvəl İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” pyesində çeçen əsgəri Rəhman surətini yaradanda həmin tamaşada baş rolları oynayan Həsən Turabov və Amaliya Pənahova kimi aktyorlarla müqayisədə ikinci dərəcəli rollar oynayırdınız. Bu gün isə hamını geridə qoyaraq, birinci dərəcəli teatr aktyoru imici yaratmısınız. Buna necə nail oldunuz?

 

-​Əvvəla, mən o fikirdə deyiləm ki, o vaxtlar ikinci dərəcəli aktyor olmuşam. Sadəcə, onda teatra təzə gəlmişdim. Adlarını çəkdiyiniz aktyorlar isə təxminən on illik səhnə təcrübəsi olan, püxtələşmiş sənətkarlar idi. “Mahnı dağlarda qaldı”dan əvvəl mən İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər”ində Savalan obrazını yaratmışam.

 

-​Deyilənə görə, bu tamaşa dörd aktyorun debütü olub...

 

-​Yox, iki aktyorun – Vəfa Fətullayevanın və mənim.

 

-​Vəfa xanımla siz uzun illər səhnədə yöndaş olmusunuz. Bu, şəxsi münasibətlərdən irəli gəlirdi?

 

-​Biz teatra eyni vaxtda gəlmişik. Eyni nəslə mənsub aktyorlar idik. “Məhv olmuş gündəliklər” və “Mahnı dağlarda qaldı” tamaşalarından başqa biz onunla Şekspirin “Heç nədən hay-küy”, Mirzə İbrahimovun “Kəndçi qızı” pyeslərində, Mehdi Hüseynin “Alov”, İlyas Əfəndiyevin “Atayevlər ailəsi”ndə televiziya tamaşalarında da birlikdə çıxış etmişik.

 

-​Teatr tənqidçiləri sizin ifanızı özünü dərk etmiş ruhun oyunları hesab edir. Bu fikrə münasibətiniz necədir?

-​Qoy, bu suala həssa tamaşaçı və qərəzsiz tənqidçilər cavab versinlər.

 

-​Heç sizi qərəzli tənqid ediblər?

 

-​Bunu deyə bilmərəm. Bir də ki ən böyük tənqidçi mən özüməm. Elə işlərim olub ki, tərifləyiblər, amma özüm bəyənməmişəm. Bəzən də olub ki, tənqid olunan işlərimdən özüm razı qalmışam.

 

-​Ölümdən sonrakı həyata inanırsınız?

 

-​Yox, amma elə əziz adamlar var ki, onların fiziki yoxluğunu heç cür qəbul edə bilmirəm.

 

-​Aktyor daim öz içini araşdırır. Bu zaman içinizdən elə şeylər çıxırmı ki, özünüzə də qəribə gəlsin.

 

-​Bu, mürəkkəb obrazlar üzərində iş zamanı baş verir. Ona görə, həmişə Dostoyevski və ya Bulqakovun əsərlərində oynamaq istəmişəm.

 

-​Əksər aktyorlar 50 yaşdan sonra yerində saymağa başlayırlar. Belə bir təhlükə Fuad Poladovu gözləyirmi?

 

-​Aktyorluq sonsuz sənətdir. Əgər siz dediyiniz kimi aktyor öz içini araşdırmaqla məşğuldursa və insanın daxili dünyası sonsuzdursa, deməli, aktyorluq sənətinin də sonu yoxdur. Əgər kimsə 50 yaşdan sonra tükənirsə, deməli, o çox dayaz adamdır və onun halına acımaq lazımdır. 50 yaş əsil aktyor üçün çiçəklənmə dövrüdür.

 

-​Xarakteriniz bir aktyor kimi yüksəlişinizə mane olmayıb ki?

 

-​Çox mane olub. Xarakter varsa, demək, insana mane olmalıdır.

 

-​Sizi yenidən Milli Teatra dəvət etsələr, bu təklifi qəbul edərsinizmi?

 

-​Mən istənilən vaxt ora qayıda bilərəm. Amma mənim oradan getməyimə səbəb olan prinsiplərin heç biri həyata keçməyib. Adama deməzlər ki, niyə getmişdin və niyə gəldin? Mən özümə qarşı çox tənqidi yanaşan adamam və Milli teatrdan getməyimi həyatım boyu qəbul etdiyim ən düzgün qərarlardan biri hesab edirəm.

 

-​Deyirlər ki, siz 70-ci illərin Alen Delonu olmusunuz. Gənc qızlar sizə çoxlu sevgi məktubları yazırmışlar.

 

-​(təbəssümlə) Elə indi də yazırlar. İyirmi il azərbaycandilli tamaşaçıalr yazıb, on ildir ki, rusdilli tamaşaçılar yazırlar.

 

-​Bu məktublar şəxsi tanışlığa gətirib çıxarırmı?

 

-​(qətiyyətlə) Əsla! Çünki mən bilirəm ki, məktub sahibləri mənim qəhrəmanlarımı sevirlər.

 

-​Sizi həyatda sevən qadın sənətdə sevən qadınlara qısqanırmı?

 

-​Mənim xanımım sənətimi başa düşən, bütün bunlara adi hal kimi baxmağı bacaran bir qadındır.

 

-​Həyatınızda ən xoşbəxt gün nə vaxt olub?

 

-​Ailə qurduğum gün. Övladlarım dünyaya gəldiyi gün.

 

-​Övladlarınız öz atalarının yolunu davam etdirirlərmi?

 

-​İki övladım var, oğlum Ağarəhim və qızım Fəridə. Mən gec evlənmişəm, 40 yaşımda.

 

-​???

 

-​(təbəssümlə)Başım sənətə qarışıb.

 

-​Kinofilmlərə niyə az çəkilmisiniz?

 

-​Mən özümü sırf teatr aktyoru hesab edirəm, amma son vaxtlar iki televiziya filminə çəkilmişəm. Afaq Məsudun “Cəza”sında Səid, “Mövlud Süleymanlıın “Fatehlərin divanı”nda Əmir Teymur.

 

-​Sizdən əvvəl Teymurləng obrazını Yusif Vəliyev və Hamlet Xanızadə oynayıblar. Bu sizi narahat etmirdi ki?

 

-​Qorxurdum ki, onları təkrar edəm. Mən onalrın hər ikisini böyük aktyor hesab edirəm. Çalışırdım ki, onlara bənzəməyəm. Deyilənlərə görə, buna nail olmuşam.

 

-​Teatrlarımızın indiki səviyyəsi sizi qane edirmi?

 

-​Qətiyyən! Azərbaycan teatr sənətində fövqəladə vəziyyət elan olunmalıdır. Meyarlar itib. Teatr aləmində bir kabus dolaşmaqdadır. Guya hər şey yaxşıdır, hər şey gözəldir. Bu, ən qorxulu tendensiyadır.

 

-​Yeni nə üzərində işləyirsiniz?

 

-​Ramiz Rövşənin ssenarisi əsasında “Ölü kimdir, diri kim?” filminə çəkilirəm. Ramiz yaxşı şairdir. Mən onun təfəkkürünə inanıram. Odur ki, filmin yaxşı alınacağına əminəm.

 

-​50 illik yubileyinizi niyə qeyd etmədiniz?

 

-​50 illiyimdə Bulqakovun Molyer əsərini hazırlamaq istəyirdim. Bu tamaşaya Bakı teatrlarının seçmə aktyorları cəlb olunmalı idi. Qismət olmadı. Amma yəqin ki, nə vaxtsa bu ideyanı həyata keçirəcəyəm.

 

-​Bu tamaşa ilə nə demək istəyirdiniz?

 

-​Teatr aləmində bir silkələnmə, bir oyanış etmək istəyirdim.

 

-​Bu qiyamətdir ki!

 

-​Qiyamət qopanda hamı yer üzünü tərk edir.

 

-​Təsəvvür edin ki, sehrli xalçaya minib gələcəyə gedirsiniz. Geri dönməyəcəksiniz. Özünüzlə yalnız bir şey götürməyə icazə verirlər. Nəyi götürərdiniz?

 

-​Mən ailə üzvlərimi götürərdim.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.