Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi son bir il ərzində Vətən Müharibəsinə həsr olunmuş 20-dən artıq müxtəlif metrajlı filmlərin istehsalına maliyyə dəstəyi göstərib. Bu filmlərin istehsalı həm dövlət studiyaları, həm də özəl prodüser mərkəzləri tərəfindən aparılıb.
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında “Görünməyən qəhrəmanlar” adlı sənədli filmlər silsiləsinin istehsalı davam edir. Bu filmlər hər biri 44 dəqiqə olmaqla, müxtəlif qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin 44 günlük müharibə müddətində keçdiyi şərəfli və müzəffər döyüş yolundan bəhs edir.
Seriyanın ilk filmi - “Görünməyən qəhrəmanlar: 27 sentyabr” Vətən Müharibəsinin başladığı günün ildönümündə - sentyabr ayının 27-də İTV-də nümayiş olunub. Filmin rejissoru və ssenari müəllifi Seyran Mahmudoğlu, prodüseri Fariz Əhmədovdur.
5 filmdən ibarət olan silsilənin digər seriyaları hər biri müxtəlif qoşun növlərinin Vətən Müharibəsi dövründəki fəaliyyətini əks etdirir. Filmlərdə şahidlər və müharibə qəhrəmanları real döyüş anlarını nəql edəcəklər, eksklüziv kadrlar göstəriləcək. Noyabr ayının əvvəlindən Zəfər Gününədək hər 5 film İTV-nin efirində yayımlanacaq.
Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” və İTV-nin birgə istehsalı ilə həyata keçirilir. Sənədli serialın prodüseri Fariz Əhmədovdur.
“Görünməyən qəhrəmanlar: 27 sentyabr”
Rejissor: Seyran Mahmudoğlu / Ssenari müəllifi: Seyran Mahmudoğlu
“Görünməyən qəhrəmanlar: Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları”
Rejissor: Seyran Mahmudoğlu / Ssenari müəllifi: İdris Heydərli
“Görünməyən qəhrəmanlar: Hərbi Hava Qüvvələri”
Rejissor: Bəhruz Qədirov / Ssenari müəllifi: Billurə Aslanova
“Görünməyən qəhrəmanlar: Artilleriya”
Rejissor: Ayşad Səfərəliyev / Ssenari müəllifi: İdris Heydərli
“Görünməyən qəhrəmanlar: Dövlət Sərhəd Xidməti”
Rejissor: Seyran Mahmudoğlu / Ssenari müəllifi: Esmira Bədəlova-Məmmədova
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi dəyərlərimizin kino vasitəsi ilə təbliği məqsədilə bu sahəyə dəstəyini davam etdirir.