Bu gün Heydenberq səssiz kino festivalı açılır

Festivalda Azərbaycan da təmsil olunur

 

Bu gün açılışı olacaq və yanvarın 30-dək davam edəcək Almaniyanın Heydelberq şəhərindəki canlı musiqinin müşayiəti ilə illik beynəlxalq səssiz kino festivalı unikal və maraqlıdır. 21-ci dəfə keçiriləcək bu festivalın unikallığı və Almaniyada keçirilən başqa səssiz kino festivallarından əsas fərqi ondan ibarətdir ki, burada filmlərin müşayiət edilməsi üçün müxtəlif ölkələrdən musiqi qrupları dəvət edilir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təsisçisi və təşkilatçısı əslən Cənubi Azərbaycandan Huşəng Vahidi olan bu qeyri-adi festivalda həm səssiz filmlər, həm də dialoqların az olduğu oyun filmləri nümayiş etdirilir. Film göstərilərkən lentin səs cığırı söndürülür və müxtəlif musiqiçilərin ifasında canlı müşayiət bəzən bu filmləri tamamilə yeni tərəfdən açıqlayır, çünki musiqiçilər bu əsərləri öz zövqlərinə müvafiq musiqi əsərləri seçir və əsərin təqdimatına öz baxışlarını əlavə edirlər. 

Builki festivalda Azərbaycan kinematoqraflarının işi də nümayiş etdiriləcək. Söhbət Rüstəm İbrahimbəyovun ssenarisi əsasında rejissor Vaqif Behbudovun çəkdiyi “Başlanğıc” filmindən gedir. Dərin fəlsəfi məzmunlu bu ekran əsərini almaniyalı pianoçu Fridvart Göbells müşayiət edəcək. 

Cənab Göbells bu film barədə düşündüklərini belə ifadə edib: “Huşəng Vahidi bu festivalın direktoru kimi daim yeni maraqlı filmlər axtarır və onları festival üçün şəxsən özü seçir. O həm də daim yeni ideyalar təklif edən yaxşı dostdur. Keçən il yayda Huşəng Vahidi Azərbaycanda olarkən onun dostu rejissor Şamil Əliyev bu qısametrajlı filmə baxmağı təklif edib. Huşəngi Azərbaycandan qayıdandan sonra mənə zəng vurdu və festivalda musiqiçi kimi iştirak etmək istədiyini bildirdi. Azərbaycan filmi çox xoşuma gəldi, çünki bu əsərin fəlsəfi məzmunu yenidir. Filmə baxandan sonra öz təəssüratlarım əsasında ona yeni musiqi yazdım. Beləliklə, festivalda nümayiş etdiriləcək filmin musiqisi yeni və orijinaldır”.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.