Azərbaycan aktyorlarının xarici kino dünyasına çıxışı yolunda addım atılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyilə yeni actorsagency.az saytı yaradılıb. Azərbaycan Kinematoqrafçılar İttifaqının məlumatına görə, saytın icraçısı, kastinq direktoru və prodüser Səbuhi Məmmədovun 2013-cü ildən rəhbəri olduğu “Actors Agency” aktyor agentliyi Azərbaycan aktyorlarının xarici kino dünyasına çıxışı, peşəkar hüquqlarının müdafiəsi, yeni istedadlı simaların tanıdılması, teatr-kinoda kastinq və istehsal sahəsində fəaliyyət göstərir.

 

S.Məmmədov bu barədə məlumat verərək bildirib ki, teatrda çalışan aktyorlardan başqa, digər müstəqil fəaliyyət göstərən aktyorların, gənclərin və eləcə də ADMİU tələbələrinin hər hansı bir kataloqu yoxdur və onlar hər hansı bir internet resurslarında kino sənayesində standartlara uyğun olaraq təqdim olunmurlar: “Bu baxımdan da Azərbaycan aktyorlarının vahid internet resursunda kastinq bazasında təqdimatı üçün yaradılan actorsagency.az saytı, aktyorlar üçün vahid bir məkan olaraq nəzərdə tutulub.

Bu, aktyorların portfoliosu adlanan bir instrumentdir ki, burada şəkillər, videotəqdimat, aktyorlar haqqında olan məlumatlar yer alacaq. Bu resurslara baxaraq həmin məlumatlar əsasında aktyorların seçimi baş tutacaq. Hazırda saytda 50 aktyor haqqında məlumat yerləşdirilib. Gələcəkdə bütün aktyorlar üçün bu imkanlar yaradılacaq”.

Səbuhi Məmmədov onu da qeyd edib ki, saytın yaradılmasının təşəbbüsü, Xalq yazıçısı, kinodramaturq Rüstəm İbrahimbəyova məxsusdur. Səbuhi Məmmədov bildirib ki, “İlk olaraq saytda müstəqil çalışan gənc aktyorların, tələbələrin portfoliosu yaradılacaq və müəyyən internet resursunda – actorsagency.az saytında təmsil olunacaqlar. Digər bir mərhələdə isə, yaşlı nəsil aktyorlara keçid nəzərdə tutulub. Bütün bunlar Azərbaycan aktyorlarının vahid bir internet saytında standartlara uyğun olaraq təmsil və təqdim olunması məqsədi daşıyır”.

Azərbaycan Kinematoqrafçılar İttifaqından bildiriblər ki, internet zamanında milli kinomuzun bütün seqmentlərinin virtual təmsilçiliyini vacib sayır və bundan sonra da aktyor fəaliyyəti ilə bağlı yeni saytın yaradılmasının aktyor seçimi və peşəkar təqdimedilmə sahəsinə dəstək olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(25.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.