Bu film beynəlxalq uğurları sıralayır

 

Azərbaycanda müstəqil kinematoqrafçılar tərəfindən istehsal olunan qısametrajlı “Qız qalası” filmi bir neçə nüfuzlu beynəlxalq festivalda ölkəmizi təmsil edərək kino sənayesinin inkişafına öz töhfəsini verib. 

 

Yaradıcı heyətin mediaya verdiyi məlumata görə, film İtaliya, Türkiyə, ABŞ, Sinqapur, Rumıniya, Litva, Norveç və Slovakiya kimi ölkələrdə müxtəlif festivallarda diplomant olub.

Hər bir insan həyatında heç olmasa bir dəfə ruh əkizinə - “öz adamına” rast gəlir. Lakin qərarsızlıq və yaxud cəmiyyətin yaratdığı yeni münasibət normaları, heç kəsdən geri qalmamaq istəyi o adamı bizə görməyə imkan vermir. Bəzən özümüz də beynimizdə yaratdığımız səhv idealın dalınca qaçıb rast gəldiyimiz həmin adama önəm vermirik. 

“Qız qalası” filminin süjeti ayrı şəxsi münasibətləri olan iki fərqli insanın təsadüfən tanış olmasından bəhs edir. Tanışlıq əsnasında hər biri anlayır ki, həmin o “öz adamına” rast gəlib.

Film boyunca qəhrəmanlar seçim etməlidir: ya hər şeyi olduğu kimi saxlayıb geri dönmək, ya da “öz adamı” ilə hər birinin daxildə arzusunda olduğu yeni münasibətlərə başlamaq…

Filmin rejissoru və ssenari müəllifi Mehdi Ağayev, quruluşçu operatoru Delee, quruluşçu rəssamı Şahin Həsənli, montajçısı Əsgər Rəhimov, musiqisi isə Sevda Ələkbərzadə, Emma Ələkbərzadə və Raufa məxsusdur. Baş rolları Könül Cəfərzadə, Türkay Cəfərli və Kamran Ağabalayev ifa ediblər. Prodüserlər Mehdi Ağayev, Fariz Əhmədov, Emil Nəcəfov və Orxan Dadaşovdur.

Qeyd edək ki, müasir cəmiyyətdə mövcud olan problemləri kino dili ilə üzə çıxaran bu filmin Azərbaycanda premyerası üzümüzə gələn fevral ayına təsadüf edəcək. 

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.