Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur.
Eldəniz Zeynalovdan 02.06.1998 tarixində götürülmüş müsahibə.
“ƏN GÖZƏL ADI MƏNƏ SƏMƏD VURĞUN VERİB”
Eldəniz Zeynalov 1937-ci ildə Bakıda anadan olub. Səhnəyə ilk dəfə 1950-ci ildə “Sevil” tamaşasında Gündüz rolunda çıxıb. 1961-ci ildə İncəsənət İnstitutunun Dram və Kino Akyorluğu fakültəsini bitirib. Milli Teatrın səhnəsində onlarla obraz yaradıb. “Əhməd haradadır” filmindəki Əhməd obrazı ona şöhrət qazandırıb. Sonralar “Azərbaycanfilm”in istehsal etdiyi “Bir cənub şəhərində”, “Yeddi oğul istərəm”, “Əzablı yollarla”, “O qızı tapın”, “Həyat bizi sınayır, “Mahnı belə yaranır”, “Həyatın səhifələri”, “Yol hadisəsi”, “Yaramaz”, “Bəyin oğurlanması”, “Spasibo”, “Hər şey yaxşılığa doğru” filmlərinə uğurla çəkilib. 1974-cü ildən Respublikanın Əməkdar artistidir.
İstedadlı aktyor rola girmir, rol özü onun ruhuna daxil olur. Bəlkə, buna görə aktyor ruhən təmizlənməyə həmişə ehtiyac duyur. Ruhu isə dənizin sərinliyi, genişliyindən gözəl nə təmizləyə bilər? Yəqin buna görə aktyorları çox vaxt dəniz kənarında tapmaq olur. Məşhur gülüş ustası, Respublikanın Əməkdar artisti Eldəniz Zeynalovla da dəniz sahilində görüşdük.
- Eldəniz müəllim, sağ olsun əlaqədar təşkilatları, yenə fəxri adları səxavətlə payladılar. Sizə qarşı niyə səxavət göstərmədilər?
- Eh... nə deyim, axı? Xalq məni istəyir, bəsimdir. Mən SSRİ Xalq artisti görmüşəm ki, onun tamaşasında zalda üç-dörd adam olub. Amma heç bir fəxri adım olmaya-olmaya mənim tamaşalarımda iynə atsan, adam əlindən yerə düşməyib. “Zvaniya” xalqın məhəbbətidir. Bütün ad alanları təbrik edirəm. Onlar bizim bacılarımız, qardaşlarımızdır.
- Ümumiyyətlə, fəxri adlara münasibətiniz necədir?
- Bu adlar sovetdənqalma bir şeydir. Mənim sənədlərim on ildən çoxdur ki, Xalq artistliyinə təqdim olunub. Yəqin nə vaxtsa düşərəm yadlarına. Amma ömür də gözləmir, axı. Hamlet Qurbanov advermə məsələsindəki ədalətsizliyə dözməyib, dünyasını dəyişdi. Hamlet Xanızadə kimi aktyor Əməkdar artist kimi öldü. Elxan Ağahüseynoğlu hələ də Əməkdar artistdir. Telman Adıgözəlovun isə heç bir “zvaniya”sı yoxdur.
- Bu işlərə teatrın rəhbərliyi nə deyir?
- Turabov dedi ki, darıxmayın, teatrın 125 illiyində mütləq siz də ad alacaqsınız. Dedim ki, Həsənağa, mən özümü Xalq artisti hesab edirəm. Bir “zvaniya”nın ki, heç bir lqotu yoxdur, nəyə gərək? Tamaşaçı mənim yumorumu qəbul edirsə, bu, mənim adımdır. Quru kağızla talant artmır. “Prosto” bu fəxri adları bilmirəm kim fikirləşib tapıb...
Bu vaxt bir dəstə gənc oğlan və qız bizim oturduğumuz stola yaxınlaşdı. Oğlanlardan biri Eldəniz Zeynalova müraciətlə: “Eldəniz müəllim, etiraz etməsəydiniz, sizinlə şəkil çəkdirərdik” dedi. Şəkil çəkdirib şən ovqatla uzaqlaşdılar.
- Görürsən, mənim “zvaniyam” bunlardır. Bayaqdan bəri beş-altı dəfə gəlib şəkil çəkdiriblər mənimlə.
- Hər halda, ad almaq arzusuna da qeyri-təbii bir şey kimi baxmaq olmaz.
- Əvvəllər, cavan olanda ürəyimə salardım. Fikirləşərdim ki, niyə zəhmətimi vaxtında qiymətləndirmədilər? Niyə filankəs aldı, mən qaldım. Amma son illər bunlar məni o qədər də maraqlandırmır. Çünki mən öz işimlə məşğulam, istər teatrda, istərsə də kinoda...
- Teatrda son vaxtlar niyə görünmürdünüz?
- Bərk qar yağanda teatrın qapısının yanında sürüşüb qolumu sındırmışdım. Qolum iki ay gipsdə qaldı.
- Fəxri ad məsələsi ailə üzvlərinizə necə təsir edir?
- Mənə o qədər təsir eləmir, nəinki ailə üzvlərimə, başlayırlar təsəlli verməyə ki, sən onsuz da xalqın sevimli artistisən. Öz aramızdı, budəfəki adları “pravitelsvenni” konsertlərdə şeir deyənlərə verdilər ha (bərkdən gülərək), Ad alanlar saray artistləridir, mən tövlə artistiyəm.
- Bəs, teatrınızın kollektivi sizə qarşı belə münasibəti necə qarşıladı?
- Çox pis. Hətta “zvaniya” alanlar özləri də üzrxahlıq edirdilər ki, gərək bizdən qabaq siz alaydınız.
- Siz onların səmimiyyətinə inanırsınız? Əgər səmimi idilərsə, qoy, onlardan biri sizin xeyrinizə ona verilən addan imtina edəydi...
- Bilirsən... Xalq artisti əməkdardan bir “şirvan” artıq maaş alır. Bir də qəbiristanlıq fərqi var. Xalq artistini bu tərəfdə basdırırlar, əməkdarı o tərəfdə (gülür). Ən gözəl adı mənə Səməd Vurğun verib – Eldəniz...
- Bəyəm, sizin adınızı böyük şair qoyub?
- Elədir. O, mənim dayım Həsənağa Salayevlə dost olub. Bir dəfə bir məclisdə eşidir ki, Həsənağanın bacısı oğlu olub. Elə o məclisdə deyir ki, körpənin adını Eldəniz qoyuram.
- Sizin sənətə gəlişinizə də yəqin ki, Həsənağa Salayev səbəb olub?
- Dayım on üç yaşım olanda məni “Sevil” tamaşasında Gündüz roluna çıxardı. Sonra çoxlu uşaq rolları oynadım. İncəsənət İnstitutunu bitirəndə mən artıq teatrda çoxlu rollar oynamış Mərziyyə Davudova, Fatma Qədri, Mirzağa Əliyev, Ələsgər Ələkbərov kimi aktyorlarla tərəf müqabili olmuşdum (əlini əsəbiliklə yelləyir). Danışmaq istəmirəm onlar haqqında. Teatrın indiki halını görəndə keçmişi yada salmaq çox ağır olur.
- Hər halda, onlar haqqında nəsə demək borcunuzdur...
- Sabit Rəhmanın “Toy” komediyası diplom işimiz idi. Mən Kərəmovu oynayırdım. Tamaşa uğurla keçdi. Səhərisi məni “zavtruppa”nın otağında görən Ələsgər Ələkbərov ayağa durub, üzümdən öpdü. “Halal olsun, oğlum! Halal olsun” dedi. “Mərdəkanda bağda baxırdım tamaşaya. Qoltuğunun altı şişməsin, öz üstündə işlə, sənin böyük gələcəyin var”-dedi. Onlardan aldığım tərbiyə məndə indi də durur – işinə qarşı ciddilik, tələbkarlıq...
- Övladlarınız arasında yolunuzu davam etdirən varmı?
- İki oğlum, iki qızım var. Oğlanlarımdan Elbrus İncəsənət Universitetinin prodüsser-menecer fakültəsini bitirib. Hazırda hərbi xidmətdədir. İkinci oğlum orta məktəbi bitirib, hələ ali təhsil almaq istəmir. Qızlarımdan Aybəniz Xarici dillər Universitetini bitirib, tərcüməçi işləyir. O biri qızım Gülbəniz İqtisadiyyat Universitetində oxuyur.
- Onda varlı olarsınız...
- (bərkdən gülür) Yaman!.. Acından günorta dururuq.
- Maşallah, həmişə nazir kimi geyinirsiniz...
- Neynəyək, day deyirsən onu da eləməyək, geyinib-kecinməyək? Məcburuq, aktyor adamıq, xalq bizi tanıyır.
- Təsəvvür edin ki, sehrli xalçaya minib gələcəyə gedirsiniz. Geri dönməyəcəksiniz. Özünlə bir şey götürməyə icazə verirlər. Nəyi götürərdiniz?
- “Motorolla” götürərdim (gülərək) evə zəng etməyə.
Görkəmli aktyorla xudahafizləşib Gənc tamaşaçılar teatrına gəldim. Bu teatrın aktyorlarından Rafiq Əliyev söhbət əsnasında Eldəniz Zeynalov haqqında oxucular üçün də maraqlı ola biləcək bir məlumat verdi: “Vaqif Mustafayevin Almaniyada Beynəlxalq kinofestivalda dörd priz alan “Hər şey yaxşılığa doğru” filminə dördüncü prizi – Katolik Kilsəsinin prizini Eldəniz Zeynalovun oyununa görə veriblər. Bu prizi ancaq xristian ölkələrində çəkilən filmlərə verirlər. Eldənizin oyunu onlara o qədər xoş gəlib ki, heyranlıqla “bu ki canlı Fernandeldir, böyük aktyordur” deyiblər və öz prinsiplərini pozaraq, prizi qeyri-xristian ölkənin filiminə veriblər. Bəlkə də, heç Eldənizin bundan xəbəri yoxdur”… “Xəbəri yoxdursa da, indi yəqin ki, olacaq”, deyərək ondan ayrıldım.
“Ədəbiyyat və incəsənət”
(23.01.2023)