İki illik fasilədən sonra Nyu-Yorkun teatr mərkəzi sayılan Brodveydə yenidən "Tony" mükafatının - teatr sahəsinin “Oskar”ı sayılan mükafatın təqdimetmə mərasimi keçirildi. Pandemiya ilə əlaqəli məhdudiyyətlər səbəbindən "Tony" nin 74-cü mərasimi bir neçə dəfə ertələnmiş, teatrsevərləri intizarda saxlamışdı. Baş mükafat "Mulen Ruj” müziklına (Moulin Rouge) təqdim edildi. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı TASS-a istinadən məlumat verir.
Bu dəfə teatr "Oskar"ının təqdimedilmə mərasimi - ilin əsas hadisəsi, çoxları onun virtual keçiriləcəyini zənn etsələr də, əyani şəkildə baş tutdu. Zalda iştirak edənlər qoruyucu maskalarda idilər. Mərasimin aparıcısının sözlərinə görə, hər bir qonaq vaksinasiyadan keçmişdi.
28 nominasiyadan baş mükafatdan savayı ayrı-ayrılıqda "Ən yaxşı tamaşa" və "Ən yaxşı remeyk" mükafatları fərqlənir, daha prestijli hesab olunur. Tamaşanın yenidən tərtibatına görə - Ən yaxşı remeyk mükafatını Amerika ordusunun sıralarında irqi problemlərdən bəhs edən "Soldier' s Play" (Əsgər pyesi) qazandı. Laureatlar təqdimat zamanı polisin ötən ilin mayında saxlamasından sonra həlak olmuş afroamerikalı Corc Floydun adını çəkdilər.
Ən yaxşı tamaşa "The Inheritance” (İrs) oldu.
Brodveydə bütün tamaşaların nümayişi pandemiyaya görə 12 Mart 2020-ci ildə dayandırılmışdı. O zamankı repertuarda 31 tamaşa və müzikl, o cümlədən səkkiz yeni şou var idi. Hələ səkkiz tamaşanın məşqləri gedirdi, onların premyeralarının ötən ilin baharında keçirilməsi nəzərdə tutulurdu. Ta ki builki sentyabrın 14-dək tamaşaçılar intizarda qaldılar, məhz bu tarixdən Brodvey teatrları yenidən tamaşaçıları qəbul etməyə başladılar. Və ayın sonlarına doğru da dərhal Tony mükafatları təqdim edildi.