Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur.
Kamal Xudaverdiyevdən 12.05.1998 tarixində götürülmüş müsahibə
“AKTYOR TALEYİMDƏN RAZIYAM”
60 yaşını qeyd etməyə hazırlaşan sevimli aktyorumuz, Xalq artisti Kamal Xudaverdiyev sənətdə qarşılaşdığı çətinliklərə baxmayaraq bu fikirdədir.
- Kamal müəllim, siz Buğa bürcü altında doğulmusunuz. Astroloqların fikrincə, buğalar inadkarlıq nəticəsində gec-tez istədiklərinə nail olurlar.
- Elə şeylər var ki, heç 60 yaşında da nail olmamışam. 1975-ci ildən ev növbəsindəyəm. Amma hələ də ev ala bilməmişəm. İki oğlum, gəlinim, anam və həyat yoldaşımla birlikdə birotaqlı mənzildə yaşayıram. Bakı şəhərinin meri Rəfael Allahverdiyevin məsləhəti ilə dörd il əvvəl Prezidentə məktub yazmışam. Eyni məzmunlu daha iki məktubu Fatma Abdullazadə öz kabinetində mənə diqtə edib. Mənim də xasiyyətim elədir ki, bir qapını iki dəfə döyməyi xoşlamıram.
- Övladlarınız nə işlə məşğuldurlar?
- Böyük oğlum Ağahüseyn İncəsənət Universitetinin menecerlik fakültəsini bitirib, hələ özünə iş tapa bilməyib. Kiçik oğlum Rövşən onuncu sinifdə oxuyur.
- Bəs, bu 60 ildə nail olduğunuz nə olub?
- Aktyor olmaq istəmişəm, olmuşam. Böyük zəhmət bahasına olsa da, sənətdə müəyyən yer tutmuşam. İndi ən böyük arzum uşaqları bir yana çıxarmaqdır. Maşın, bağ kimi şeyləri heç vaxt arzulamamışam. Çünki sənətə gələndə bilmişəm ki, bu sənətdə pul yoxdur.
- Mayın 3-də 60 yaşınız tamam oldu. Sizi bütün sənətsevərlər adından təbrik edirəm. Yubileyinizi qeyd edəcəksinizmi?
- Mədəniyyət Nazirliyi yubileyimlə bağlı göstəriş verib. Ayın 15-də teatrda yubileyim qeyd olunacaq. Sonra “Kral Lir” tamaşası göstəriləcək. Mən bu tamaşada baş rolu oynayıram. Mən ümumən çox təntənəni sevmirəm. 50 illiyimi də elə bu cür qeyd elədim.
- “Kral Lir” xeyli müddətdir ki, göstərilmir. Deyilənlərə görə, bu, sizin səhhətinizlə bağlıdır.
- Yox, qardaş, elə deyil, kim bunu deyirsə, yalan deyir. Uzunmüddətli təmirdən sonra tamaşaçı teatra yadırğadı. Amma, məncə, lap on tamaşaçı gəlsə belə, yenə də “Kral Lir” kimi tamaşanı repertuardan çıxarmaq olmaz.
- “Kral Lir”i yaratdığınız obrazların kralı hesab etmək olarmı?
- Hələki olar. Amma mən bunu son hədd hesab etmirəm. Elə olsa, gərək sənətə əlvida deyim.
- Teatra təzə gəldiyiniz vaxtları necə xatırlayırsınız?
- O vaxtlar bizə rol verməyəndə xiffət edərdik. İndiki cavanlarda öz sənətlərinə münasibətdə, elə bil, bir soyuqluq var. Mənimlə birlikdə teatra gələn Hamlet Xanızadə, Hamlet Qurbanov, Səməndər Rzayev kimi gənclər, Möhsüm Sənani, Həsənağa Salayev, Hökümə Qurbanova, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Məmmədrza Şeyxzamanov kimi böyük aktyorların əhatəsində böyümüşük. Onlar çox sadə adamlar idi. Sözün yaxşı mənasında bizi sənətə qısqanırdılar da. “Vaqif” tamaşasında məni Möhsüm Sənaniyə dublyor vermişdilər. Hər ikimiz Eldarı oynayırqıq. Belə qısqanclığı onda hiss etdim. Hökümə xanımla “Antonio və Kleopatra”da bir tamaşada oynayanda heyranlıqdan səhnədə onun tamaşaçısına çevrilirdim.
- Sənət həyatınızda ən xoşbəxt gün.
- Teatra gəldiyim gün.
- Bəs, ən kədərli gün.
- Mən ancaq əzizlərimi itirəndə kədərlənirəm. Atamı bir yaşımda itirmişəm, məni anam böyüdüb.
- Bəs, sizi sənətə gətirən nə olub?
- Korifey aktyorlar. Yeddi-səkkiz yaşlarımdan mən bir tamaşa buraxmamışam. Hər bazar bir abbası, iki abbası yığıb gedirdim “Tuyuz”un tamaşalarına. O vaxtlar on altı yaşa qədər uşaqları Dram Teatrına buraxmırdılar.
- Aktyor olmağınıza peşman deyilsiniz ki?
- Qətiyyən! Mən Neft Texnikumuna əla qiymətlə daxil oldum. Sonra hamının gözünün qabağında sənədlərimi cırdım ki, oxumayacam. Orta məktəbi bitirib, sənədlərimi aktyorluğa verdim.
- Oynadığı rollar aktyorun xarakterinə hopurmu?
- Yaxşı cəhətlər hopa bilər, amma inanmıram ki, insanın xarakteri dəyişə.
- Haqqınız tapdananda ilk ağlınıza gələn nə olub?
- Demişəm ki, belə də olmalıymış. Hər şeyi ürəyimə salsaydım, bəlkə də, indi burada oturub sizinlə söhbət etməzdim.
- Deyirlər ki, sənətkarlar infarkta çox meylli olur... -- Məmməd Arazın Ələsgər Ələkbərova yazdığı bir şeir var, deyir ki, ürəklə yaşayanların ölüm də elə ürəkdən olur. Mən bir dəfə infartkt keçirmişəm, ikinci dəfə infarkt səviyyəsinə gəlib çatmadın.
- Sizcə, Kamal Xudaverdiyev necə adamdır?
- Tənhalığı sevir, məclis adamı deyil. Günün beş saatını tənha düşüncələrə həsr edir. Bir də görürsən, Yaşar Nuri, ya da başqa birisi ilə toyda olanda deyir ki, gəl düşək oturaq barda. Hətta tək içməyi sevirəm.
- Adamayovuşmazsınız?
- Özümdən asılı deyil, darıxıram. Hətta qonaq gələndə də. Bəlkə də, ömrü boyu dar otaqda yaşamışam, ondandır. Qonaq gəlsə, heç bir iş görə bilmirəm.
- Potensial imkanlarınızı səhnədə tam reallaşdıra bilmisinizmi?
- Əgər bu gün Kral Liri oynayıramsa, demək, müəyyən həddə gəlib çatmışam.
- Aktyorun qrim etməsinə necə baxırsınız?
- Əgər aktyor həyatda qrim edirsə, buna çox pis baxıram. Səhnədə isə bu normaldır. Abbas Rzayev adlı bir aktyor vardı, deyirdi ki, rejissor Tuqanovun vaxtında rolun tələbi ilə biz hətta paltarımızı da çıxarardıq. Müasir teatrda qrimdən çox az istifadə olunur. Mən hətta “Kral Lir”də də qrimdən istifadə etmirəm. Ümumiyyətlə, son otuz ildə qrimdən istifadə etdiyimi xatırlamıram.
- Aktyor taleyinizdən razısınızmı?
- Razıyam. Mən təməlindən aktyor olmamışam. Nəyə nail olmuşamsa, tədricən, pillə-pillə gəlib çatmışam. Elə olub ki, on il rol almamışam.
- Elə niyə?
- Rejissor Tofiq Kazımova söz çatdırırdılar. O isə çox sözə gedən adam idi, dedi-qodulara inanıb, rol vermirdi.
- Aktyor rejissordan nəsə götürürmü?
- Çox şey götürür. Mehdi Məmmədov pedaqoq idi. O, aktyoru tədricən yükləyirdi ki, axırda xarakteri alsın. Tofiq Kazımov isə hər şeyi özü göstərirdi, başa salırdı. Hövsələsi yox idi ki, məşqləri çox uzatsın. O, “Məhv olmuş gündəliklər”i iyirmi bir məşqə hazırlamışdı. Ona görə aktyorlar beş-altı tamaşadan sonra obrazı tam dərk edirdilər. Mərahim Fərzəlibəyov isə deyir ki, mən aktyor yetişdirmirəm. tapşırıq verib, sonra öz işini görür. Bəhram Osmanov ilk növbədə aktyorla işləyib, sonra rejissor işini görür. Vaxtilə Mehdi Məmmədovdan öyrəndiklərimi indi mən İncəsənət İnstitutunda tələbələrimə öyrədirəm.
- İndiyədək neçə rol oynamısınız və ən çox hansı rolunuzu sevirsiniz?
- Yüzə yaxın rolum olub, hamısını sevirəm.
- Təsəvvür edin ki, sehrli xalçaya minib gələcəyə gedirsiniz. Geri dönməyəcəksiniz. Özünüzlə bir şey götürməyə icazə verirlər. Nəyi götürərdiniz?
- (alnını ovuşdurur) Çətin sualdır bu, gərək fikirləşəsən. Fikrimi sonra deyərəm, növbəti müsahibələrimizdə...
“Ədəbiyyat və incəsənət”
(11.01.2023)