Azərbaycanın ilk bərpa edilmiş animasiya filmi beynəlxalq festivalların diqqət mərkəzindədir

 

Azərbaycan Animasiya Assosiasiyası Böyük Britaniyanın Kino Klassika Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi, prodüser-restavrator Daniel Bird və Polşada fəaliyyət göstərən Fixafilm ilə birlikdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş ilk uşaq animasiya filminə yeni nəfəs verib.

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamaliyevdən fikir alan AzərTAC-a istinadən bildirir ki, söhbət hələ 1969-cu ildə çəkilmiş “Cırtdan” adlı filmin müasir üsullarla restavrasiyasından gedir.

Onun sözlərinə görə, bütün restavrasiya prosesi təxminən üç il çəkib. Bərpa olunmuş “Cırtdan”ın 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında mümkün olan ən yüksək keyfiyyətdə (DCP formatında) premyerası da olub. Bərpa olunmuş film Böyük Britaniyada yerləşən “Klassiki” striminq platformasında yayımlanıb, beləliklə, onun digər beynəlxalq film festivallarında da diqqət çəkəcəyi açıq-aşkardır.

Qeyd edək ki, “Azərbaycanfilm” kinostudiyası artıq filmi YouTube-da yerləşdirib. Xatırladaq ki, “Cırtdan” (1969) filminin rejissorları Ağanağı Axundov və Yalçın Əfəndiyevdir. Filmin təsviri həllinə gəldikdə maraqlı cəhət ondan ibarətdir ki, müəlliflər filmdə Azərbaycan xalçası stilistikasından istifadə ediblər. Bu animasiya filminin bütün qəhrəmanları, eləcə də predmetlər və fonlar “xalça” üslubunda işlənib. Bu zaman xalça elementi kinematoqrafiya üslubunda istifadə edilib – xalça motivli fon predmet və personajlarla qarışmasın deyə, tez-tez fokusdan yayındırılıb. Filmin bəstəkarı Oqtay Zülfüqarov Qərb musiqi alətləri ilə birlikdə tarın da səsləndiyi çox gözəl milli musiqi mövzusu düşünüb hazırlayıb. Məhz özünün yenilikçi stilistikasına görə “Cırtdan” filmi köhnəlmir və müasir tamaşaçı üçün də maraqlı olaraq qalır.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.