Ötən 2022-ci ilin əsas kino hadisələri Featured

6 gün əvvəl yola saldığımız 2022-ci il Azərbaycan kinosu üçün bir çox əlamətdar hadisələrlə yadda qaldı. Gəlin onları xatırlayaq. 

 

Şuşa ilə bağlı filmlər

 

2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi haqqında dövlət başçısının müvafiq Sərəncamına əsasən, Azərbaycan Dövlət Film Fondunda saxlanılan Şuşa ilə bağlı filmlər bərpa edilərək ictimaiyyətə təqdim olundu.

 

Azərbaycanın ilk tarixi teleserialı

 

Mədəniyyət Nazirliyinin AzTV ilə tərəfdaşlığı əsasında ölkəmizdə ilk dəfə çoxseriyalı “Atabəylər: Şəmsəddin Eldəniz” tarixi bədii televiziya filminin çəkilməsi barədə qərar qəbul olundu. Filmin istehsalı “Şahdağfilm” kinostudiyasına həvalə olundu. Noyabr ayında filmin tizeri çəkilib ictimaiyyətə təqdim olundu, növbəti ay kastinq keçirildi. Azərbaycan və Türkiyə kinematoqrafiyasının birgə istehsalı olaraq çəkilişlərinin bu ilin mart-aprel aylarında başlaması nəzərdə tutulan “Atabəylər: Şəmsəddin Eldəniz” filmi Azərbaycan kino tarixinin ən parlaq səhifələrindən biri olacaq. 

 

Milyonların sevimli klubu barədə film

 

“Salnaməfilm” studiyasında Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Qarabağ” futbol klubu haqqında 4 seriyalı sənədli filmin istehsalına başlanıldı. Arxiv materiallarına istinadla çəkilən filmdə Ağdamda “Qarabağ” futbol klubunun yaranması, Ağdamın işğalından sonra Bakıda fəaliyyəti, ölkə və Avropa miqyaslı yarışlarda iştirakı, qazandığı nailiyyətlər və s. əksini tapacaq.

 

“Böyük qayıdış” müsabiqəsi

 

Mədəniyyət Nazirliyinin 2020-ci ildə təşkil etdiyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi kifayət qədər uğurlu oldu, müsabiqədə qalib olan “Böyük qırmızı ev” bədii-sənədli filminin çəkilişləri başa çatdı. 

(Film İkinci Qarabağ müharibəsi gedişində Ermənistanın terror hücumları nəticəsində fiziki və psixoloji travmalara məruz qalmış uşaqların həyatından bəhs edir.)

Gənc rejissor Azər Quliyevin “İkinci planetin qırmızı rəngi” (“Mozalan” studiyası) adlı qısametrajlı bədii film layihəsi də müsabiqənin qaliblərindən idi və bu il onun da çəkilişləri yekunlaşdı. 

 

ANİMAFİLM və digərləri

 

“Şuşa İli”ndə Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakıda V ANİMAFİLM Beynəlxalq Animasiya, VI “DokuBaku” Beynəlxalq Sənədli Film festivalları keçirildi. Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi və Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə gerçəkləşən XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalı da ilin kino mənzərəsinə öz naxışını vurdu.

 

Kinomuzun 124 illiyi sərgisi

 

Milli Kino Günündə Heydər Əliyev Mərkəzinin qarşısında açıq havada kinomuzun tarixini əks etdirən sərgi açıldı. Azərbaycan kinosunun yaranmasının 124 illiyi və Azərbaycan Kinosu Günü münasibətilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Böyük Qayıdış” qısametrajlı film layihələri müsabiqəsinin qalibləri olan filmlər nümayiş etdirildi.

 

Baxımlı sənədli filmlər

 

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası Mehmandarovlar nəslindən bəhs edən bədii-sənədli (rejissor Əməkdar incəsənət xadimi Yavər Rzayev, tədqiqatçı-jurnalist Vasif Quliyev), həmçinin ANAMA-nın fəaliyyətini diqqət mərkəzinə gətirən sənədli filmlərin çəkilişlərini başa çatdırdı.

Dünyaşöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyinin sifarişi əsasında “Azərbaycanfilm” kinostudiyasında bədii-sənədli film (rejissor: Xalq artisti Vaqif Mustafayev) çəkildi və Heydər Əliyev Sarayında təntənəli təqdimat mərasimi keçirildi.

 

Beynəlxalq uğurlar

 

Ötən il bir sıra filmlərimiz beynəlxalq festivallarda uğur qazandı. Hilal Baydarovun “Xurmalar yetişəndə” filmi London kinofestivalında nümayiş olundu. Yenə onun “Balıqlara xütbə” (“Sermon to the Fish”) tammetrajlı bədii filmi Almaniyada – 32-ci Cottbus Film Festivalında (FFC) münsiflər heyətinin fəxri mükafatına layiq görüldü.

Rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” tammetrajlı bədii filmi Estoniyada “PÖFF Tallinn Black Nights” (“Qara gecələr”) festivalında mükafat qazandı. Filmdə çəkilən Xalq artisti Qurban İsmayılov isə “Ən yaxşı aktyor” nominasiyasında qalib elan edildi. Film həmçinin Qazaxıstanın Almatı şəhərində 16-cı Avrasiya Beynəlxalq Film Festivalında “Ən yaxşı rejissor” nominasiyasının qalibi oldu.

İlin əvvəlində Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda “Azərbaycan kinosu həftələri” keçirildi. Tatarıstan (RF) paytaxtında XVIII Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalında Azərbaycan filmləri də nümayiş olundu. Rusiyanın Sankt-Peterburq şəhərində “Lendok” kinostudiyasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edildi. Bu tədbirlərdə “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov da iştirak etdi.

Bu il qardaş Özbəkistanda Azərbaycan kinosunun geniş təqdimatı ilə yadda qaldı. Daşkənd Beynəlxalq Animasiya Forumunda ölkəmiz də təmsil olundu, filmlərimiz nümayiş etdirildi. “İpək Yolunun dürdanəsi” XIV Daşkənd Beynəlxalq Film Festivalında ölkəmizin nümayəndə heyəti iştirak etdi. Eyni zamanda Daşkənd və Buxara şəhərlərində “Azərbaycan kinosu günləri” təşkil edildi.

Türkiyənin Bursa şəhərində keçirilən II Dədə Qorqud Türk Dünyası Film Festivalında Azərbaycan kinosu da geniş şəkildə təmsil olundu. Azərbaycan filmləri festivalın həm müsabiqə, həm də müsabiqədənkənar proqramlarında yer aldı.

 

Unudulmaz hədiyyə

 

Nizami Kino Mərkəzində Özbəkistan, Qazaxıstan və Türkiyə filmlərinin nümayişi kinosevərlər üçün unudulmaz hədiyyə oldu.

 

Şəkildə: Hilal Baydarovun filmi Venesiya kinofestivalının loqosu ilə nümayiş olunarkən. 

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.