“Mən indi qızım və kürəkənimlə yaşayıram, Allaha şükür, acından ölmürəm…” Featured

 

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasına başlayır. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunacaq. 

 

 

“YENİDƏN DOĞULSAM,

YENƏ DƏ AKTYOR OLARDIM”

 

Rejissor Həsən Seyidbəylinin 1969-cu ildə ekranlara çıxan “Bizim Cəbiş müəllim” filmində belə bir kadr var: Makedon həyətdən tutduğu siçanı hamının gözü qarşısında neft töküb yandırır. Onun bu hərəkətini görən Namiq Makedonun üzünə bir sillə vurur. Hamı onların indicə dalaşacağını gözləyir. Bu vaxt hardansa peyda olan Cəbiş müəllim uşaqları bir-birindən aralayıb, Makedona üz tutur və deyir: “Əgər bir vaxt başa düşsən ki, səni nə üstündə vurdular, onda, bəlkə, səndən adam oldu.” Rus qızı Tanyanı qəfil öpsə də, siçanı yandırsa da, həyətdəki tualetin qapısını bağlayıb, qonşu kişini içəridə qoysa da, Makedon filmin sonunda doğrudan da adam olur –cəbhəyə yola düşür. Və onun adam olmasına Cəbiş müəllimin sözləri də təsir edir. Bu sadə, iddiasız, lakin xeyirxah, vətənpərvər müəllimin obrazını Azərbaycan kinosu və teatrının ustad aktyoru Süleyman Ələsgərov yaratmış, bu rola görə o, Ümumittifaq kinofestivalında “Ən yaxşı kişi rolunun ifaçısı” nominasıyası üzrə qalib olmuşdu.

Qarşıdan görkəmli aktyorumuzun anadan olmasının 85 illik yubileyi gəlir. Bu münasibətlə, Süleyman müəllimlə görüşüb, söhbət etmək qərarına gəldik.

 

-Süleyman müəllim, qarşıdan 85 illik yubileyiniz gəlir. Nə kimi hazırlıq işləri görürsünüz?

-Heç bir hazırlıq işləri getmir. 80 illik yubileyimi harda qeyd etdilər ki, 85 illiyimi də qeyd etsinlər. 75 illiyim teatrda olmişdu. Odur ki, 80 illiyimin televiziyaya çəkilməsini istəyirdim. Mənə dedilər ki, Polad Bülbüloğluya müraciət etməlisən. Amma mənim belə xasiyyətim yoxdur. Kiməsə ağız açmaqdan xoşum gəlmir. 

 

-Bu xasiyyətiniz bir aktyor kimi irəliləyişinizə mane olubmu?

-Yox. Mən bir teatr aktyoru kimi xoşbəxtəm. Teatrda 250 də çox rolum olub – Montanelle, Əzizbəyov, Səməd Vurğun, Hacı Qəmbər... Hansını deyim? Amma kinoda bəxtim gətirmədi.

 

-Bəxtiniz gətirməyib? Axı, siz “Bizim Cəbiş müəllim” filmində Cəbiş kimi unudulmaz kino obrazı yaratmısınız.

-Cəbiş mənim kinoda yarada biləcəyim obrazlardan ancaq biridir. İndiyədək 17 filmə çəkilmişəm. bunlardan ikisi baş roldu, beşi birinci dərəcəli, yerdə qalanları epizodik rollardır.

 

-“Bizim Cəbiş müəllim”ə dəvət almağınız necə oldu?

-Quruluşçu rejissor Həsən Seyidbəyli məni filmə sınaq çəkilişlərinə dəvət edəndə getmək istəmirdim. Çünki dəfələrlə məni baş rola sınaq çəkilişlərinə dəvət etmiş, sonra rolu başqalarına vermişdilər. Həsən Seyidbəyli məni sınaq çəkilişlərinə razı sala bildi. Sınaqdan keçdim. Eşitdim sınaqdan o qədər uğurlu keçmişəm ki, daha başqasını dəvət etməyəcəklər.

 

-Çəkiliş meydanı maraqlı hadisələr, gözlənilməzliklərlə dolu bir aləmdir. Filmin çəkilişi prosesindən yadınızda nələr qalıb?

-Film böyük sürətlə, yeddi aya çəkildi. Həsən Seyidbəyli həssas və alicənab insan idi. O heç vaxt adam arasında aktyoru pərt eləməzdi. Həsən müəllimin səyi nəticəsində çəkilişlər çox uğurlu keçdi, nəticə yaxşı alındı. Film Ümumittifaq kino festivalında nümayiş etdirildi və mən “Ən yaxşı kişi rolunun ifaçısı” kimi mükafata layiq görüldüm.

 

-Bu filmdə görkəmli aktrisamız Şəfiqə xanım Məmmədova sizin arvadınızı oynayır. O bir yöndaş kimi yadınızda necə qalıb?

-Çox sadə, mehriban, gözəl insandır Şəfiqə xanım. Yeddi ay kinoya çəkildik, bir dəfə də olsun mən ondan bir gül qədər incimədim. Bir dəfə küçədə rastlaşdıq, gördüm ki salam verməyib keçdi. Çox qəribə gəldi mənə. Zarafat etdim ki, mənə niyə salam vermirsiniz. Axı, mən sizin həyat yoldaşınızam. Dedi ki, bağışla, görməmişəm. Sən demə,  gözlərini müalicə etdirirmiş, mənim də xəbərim yox. Dediyimə də peşman oldum.

 

-Sənətdə qazandığınız uğurlara görə özünüzü kimə borclu hesab edirsiniz?

-Bizim ailədə incəsənət adamı olmayıb. Mənim sənətə gəlməyimə dolayısıyla Əlağa Ağayev səbəb olub. Bir dəfə o mənə dedi ki, gəl, teatr dərnəyinə gedək. O vaxt teatra çox həvəsli idim. Ona görə bu təklif mənim üçün göydəndüşmə oldu. Getdim teatr dərnəyinə. Teatr briqadası ilə üç il ərzində bütün respublikanı gəzdik. 1936-cı ildən Gənc tamaşaçılar Teatrında işləyirəm. Bu il artıq 62 ildir ki, bu teatrın səhnəsindəyəm.

 

-Sənət idealınız kim olub?

-O vaxtkı gənclərin hamısının idealı Abbasmirzə Şərifzadə idi. Bir dəfə gördüm küçə ilə gedir, düşdüm dalınca. Gördü onu izləyirəm, dedi ki, nə istəyirsən? Dedim, sizə baxmaq istəyirəm. Bir an sükut etdi, sonra gülümsəyib dedi: “Baxdın?” Dedim, hə. Dedi “sağ ol” və dönüb getdi. Bu mənim üçün çox böyük sevinc idi.

 

-Aktyor olmağınıza peşman deyilsiniz ki?

-Yox, yenidən doğulsam, yenə bu sənəti seçərəm. Mənə teatrın direktorluğu vəzifəsini təklif ediblər, razı olmamışam. Şıxəli Qurbanov bir dəfə məsləhət gördü ki, gəl, səni göndərək partiya məktəbinə. Oxu, qurtar, sonra rayonlardan birində katib işlə. Səhnənin xatirinə bütün bunlardan imtina etdim. Mən aktyor olmaq naminə Tibb İnstitutunu yarımçıq qoymuşam.

 

-Bütün bunların müqabilində sizin adınız fərdi təqaüd alanların siyahısına düşməyib.

-Mən indi qızım və kürəkənimlə yaşayıram. Allaha şükür, acından ölmürəm. Amma belə olmasaydı, görəsən nə etməliydim?

 

-Övladlarınız sənət yolunuzu davam etdirirmi?

-İki qızım var. Kiçik qızım Sevil mənim sənətimi davam etdirmək istədi. Razı olmadım. Bu sənətin yolu çox daşlı-kəsəklidir.

 

-Sənətinizi davam etdirən gəncləri özünüzə mənəvi varis hesab edirsinizmi?

-Niyə etməyim ki? Əlbəttə, edirəm. Mən öz qrim stolumu gənc və istedadlı aktyor Elşən Rüstəmova vermişəm. ondan çox razıyam. Bacarıqlı və tərbiyəli oğlandır. Böyüyün-kiçiyin yerini bilir. Teatrımızın belə cavanlara ehtiyacı böyükdür.

 

-Səhnədə olduğunuz 62 il ərzində 250-dən çox rol oynamısınız. Ürəyinizdə qalan rol varmı?

-Oynadığım bütün rollar ürəyimdədir.

 

-Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?

-Cəbiş müəllimin eynəyini...

 

-Maraqlı seçimdir. Elə nə üçün?

-Başqa planetdə də hər şeyə Cəbiş müəllimin dürüstlük, saflıq, məsumiyyət eynəyindən baxmaq istəyirəm.

07.04.1998

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.