“SSRİ Xalq artisti adı almağıma Vəli Axundov mane oldu” Featured

 

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasına başlayır. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunacaq. 

 

 

 Barat Şəkinskaya. 

 

Azərbaycan teatrının qızıl dövründən söz düşəndə ən çox iki aktrisanın adı çəkilir -  Barat Şəkinskaya və Hökümə Qurbanova.

İfa tərzindəki parlaq teatrallıq, romantik pafos, qızğın temperamenti ilə seçilən, ürəyə ox kimi sancılan məlahətli səsi ömrü boyu qulaqlardan getməyən, şahanə xanımlar kimi əzəmətli, çılğın, hikkəli, məğrur Hökümə xanım!

Lakin Azərbaycan teatrı tarixini dərindən bilən adamlarla ünsiyyətə girdikcə, bu üzdə olan fikirlə yanaşı, başqa bir rəy də eşidirsən: “Barat xanım daha yaxşı aktrisa olub”. Həm də bu sözü elə bil ki, bir az ehtiyatla, öz aramızda qalmaq şərtilə deyirlər.

Biz milli səhnəmizin iki nəhəngini üz-üzə qoymaq və hökmən bunlardan birinə üstünlük vermək fikrindən uzağıq. Sadəcə, uzun illər ərzində daşlaşmış fikirləri bir kənara qoyub, bu sənətkarlara yeni gözlə baxmaq tərəfdarıyıq. Əgər elə olsa, görmək mümkündür ki, Barat xanım tamam başqa cür aktrisadır: cənnət mələklərinin nəğməsini xatırladan, eşidəni bir andaca ovsunlayan  zərif səs, coşğun lirizm, sirayətedici yumor, quş uçuşunu xatırladan xəyalpərvərlik, zəngin emosionallıq, gözlənilməz çevikliklə dəyişən psixoloji ovqatlar... Aktrisanın qeyri-adi bir uğurla yaratdığı Cülyetta,  Kordeliya, Viola, Dezdemona, Şirin, Gültəkin, Florella, Mirondalina, Dilşad, Yetər, Jivko və onlarla digər obrazı səciyyələndirən məhz bu cəhətlərdir.

Heç bir teatr təhsili almayan, on bir-on iki yaşlarından səhnəyə çıxan, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Mərziyə Davudova, Sidqi Ruhulla, Fatma Qədri, Ələsgər Ələkbərov kimi korifeylərinin əhatəsində boy atan Barat xanım səhnənin yavrusu idi. Elə bil, Tanrı onu səhnəmizə bir möcüzə, bir barat kimi bəxş etmişdi.

Barat xanım təkcə parlaq istedadla yaratdığı obrazlarla deyil, öz orijinal xarakteri ilə də bir möcüzə idi: qeyri-adi yaddaş, ən kədərli durumlarda belə həmsöhbətini uğunub getməyə məcbur edən zərif yumor, hazırcavablıq, ən incə, həssas qadın qəlbi ilə kişi sözübütövlüyünün çulğalaşması, mərdanəlik, etibar, sədaqət!

Kitabları, şəkilləri, qəzetləri qarşısına üstünə töküb, səhnəli günlərindən saatlarla danışmaqdan doymayan, gah kövrələn, gah gülən Barat xanımı dinlədikcə, onun çox-çox illər bundan əvvəl səhnədə necə bir fırtına qopardığını təsəvvür etmək çətin deyildi...

 

- Barat xanım, sənətə gəlişiniz necə olub?

- Dəqiq yadımda deyil, qırxıncı illərin sonu, əllinin əvvəlləri idi. Fransadan gəlmiş bir müxbir teatrın üç cavan, aparıcı aktrisasından - Leyladan, Hökümədən, bir də məndən müsahibə alırdı. Sənin verdiyin bu sualı verdi, soruşdu ki, səhnəyə gəlişiniz necə olub? Biri dedi mən rus aktrisası Meretskayanı görüb sənətə gəlmişəm, o biri  dedi mən filankəsi görüb gəlmişəm. Növbə mənə çatanda dedim, necə olacaq, atam olmayıb, qardaşım olmayıb. qorxu-qadağa bilməmişəm, heç kimi saymamışam, gəlmişəm səhnəyə.

 

- Sizin təxəllüsünüz Şəkinskaya olduğundan çoxları elə bilir ki, Şəkidənsiniz.

- Mən Qarabağ xanı İbrahimxəlilin nəslindənəm. İbrahimxəlil xanla acar qızı Yelenanın izdivacından Gövhər ağa və İsgəndər bəy doğulublar. Mən İsgəndər bəyin nəticəsiyəm. Çar polkovniki olan atamın komandirlik etdiyi alay Qarabağda Şəki adlı kənddə yerləşirdi. Ona görə atam özünə Şəkinski familiyası götürmüşdü.

 

- Uşaqlıq illərinizdən hansı hadisə yadınızda qalıb?

- Sovet hakimiyyəti qurulanda mənim 6 yaşım var idi. Məsləhət gördülər ki, keçin İrana. Artıq bir neçə aydan bəri İrana keçən atam öz yoldaşları ilə Arazın qırağında bizi gözləyirdi. Anam satmalı nə vardısa, hamısını satıb çevirdi qızıla, doldurdu balaca qardaşım Süleymanın bələyinə. Biz araba ilə Araza yaxınlaşdıq. Çaya çatmağa az qalmış qabağımızı iki atlı qaçaq kəsdi. Arabanın içini axtarandan sonra qaçaqlardan biri qəfildən uşağın bələyini açdı, elə bil əliylə qoymuşdu. Bütün qızılları götürdülər. Uzaqdan atlı qaçaqların bizə yaxınlaşdığını görən kimi əynimdəki donumu cırıq-cırıq eləmişdim ki, qoy görsünlər kasıbıq, bizə dəyməsinlər.  Anam sonralar zarafatla deyərdi ki, elə onda oyun çıxarmağından bilmişdim ki, artist olacaqsan.

 

- Ailənizdə sənət adamı olubmu?

- Ana tərəfdən dramaturq Əbdülrəhim bəy Haqverdiyevlə qohumuq. Biz uzunömürlülər nəsliyik. O gün kimsə Rafiq Atakişiyevə zəng vurub ki, Barat xanım ölüb. Rafiq də dəqiqləşdirmək üçün bizə zəng vurub. Yazıq mənim səsimi eşidəndə çaşıb qaldı. Dedim, dəli olmusan, məni tanımırsan? (gözləri yol çəkir) Tuqanov həmişə deyirdi ki, bu qədər ora-bura qaçmaqla sən 40 ildən çox yaşamazsan.

 

- Xoşbəxtlikdən, onun proqnozu düz çıxmayıb.

- Dedim axı, bizim nəslin adamları çox möhkəm olurlar. Səhnədə gözümə güclü işıq düşüb, sol gözümü çıxarıblar. Paşa Qəlbinur çox yaxşı göz həkimidir. Düzü-dünyanı ayaqlayandan sonra gəldim Bakıda Paşa Qəlbinur gözlərimi “operasiya” elədi. Çox paxılıq biz. O, bütün dünya akademiyalarının üzvüdür,  bir Azərbaycandan başqa. Mənimlə bir palatada İmişlidən bir qadın yatırdı, Paşanın məqaləsini oxuyub tərifləmişdi. Onun üstündə yazığı xəstəxanadan çıxardılar. Mən də ona görə çıxdım.

 

- Barat xanım, siz bir dəfə də Nüsrət Fətullayev və Hökümə Qurbanovaya görə teatrı tərk etmisiniz. Buna görə itirmədiniz ki? Məsələn, niyə siz hamıdan çox layiq olduğunuz SSRİ Xalq artisti adını almadınız?

- Vəli Axundov pozdu mənim adımı. SSRİ Xalq artisti adı, əslində, mənə verilməliydi. Mənə SSRİ Xalq artisti adı verəcəklərini vəd edib, yenidən teatra qaytarmışdılar, adı verdilər Höküməyə. Mehdi Məmmədov dedi ki, bəs, biz Baratı bu vədlə teatra qaytarmışıq, axı. Baxan olmadı. Vəli Axundov da saraylı idi, Hökümənin atası da. Bir müddət sonra Vəli Axundov teatra gəlmişdi, foyedə hamıyla əl verib görüşürdü. Mənə əl uzadanda qəfildən üzümü yana çevirib, çıxıb getdim, əli qaldı havada.

 

- Atasını itirmiş xan qızı necə oldu ki, aktrisa oldu?

- İrana keçmək cəhidmiz alınmayandan sonra gəldik Gəncəyə. Xalq arasında çox mərhəmətli bəylər kimi tanınan Səfiküdiskilər anamla qohum idi. Anamı Gəncədə işə düzəltdilər. Seminarist qızların paltarlarını tikərdi. Bizi qadınlar klubunun həyətində yerləşdirmişdilər. Anama demişdilər ki, biz sənə ev vermişik, işlə təmin etmişik. Sən də bunun əvəzində gərək səhnəyə çıxasan. Anam çarəsizlikdən demişdi ki, qızım gəlib rol oynayar. Bizim xan ailəsi olmağımız vəziyyətimizi daha da gərginləşdirirdi. Məni iki dəfə Pedaqoji Texnikumdan qovublar. Şuşalılar yuxarılara çatdırmışdılar ki, Həbib xanın qızı bizim uşaqlarımızla bir yerdə oxumasın.

 

- İlk dəfə səhnəyə çıxdığınızı necə xatırlayırsınız?

- Məmmədrza Şeyxzamanovun atası Əsəd Şeyxzamanov Lenin öləndə bir tamaşa hazırlamışdı. Mən onun qızını oynayırdım. Ağlaya-ağlaya gəlirdim ki, ata, Lenin ölüb! Elə də ağlayıb özümə əl qatırdım ki... Bu səhnə ilə bütün rayonları gəzdik. Yəqin Leninin ölməyini bayram edirmişik (gülür).

 

- Professional səhnəyə gəlişiniz necə olub?

- Pedaqoji Texnikumu bitirəndən sonra məni Sərkar kəndinə ədəbiyyat müəllimi göndərdilər. Heç dərs deməyə macal tapmadım, Həmid Sultanov dalımca adam göndərib, məni yenicə yaradılmış Gəncə Teatrına dəvət etdi. Bakıdan məşhur aktyorlar – Abbasmirzə Şərifzadə, Məğfurə xanım, Kazım Ziya, Nina xanım və başqaları gəlmişdilər. Üçmərtəbəli bir binanı boşaldıb verdilər aktyorlara. Susanna Məcidova ilə dost olduq. Anam plov bişirəndə Susannagilə deyərdim ki, bir-bir, yavaş-yavaş gəlin bizə. Anam yazıq kələyimi bilər, gülüb heç nə deməzdi. Anamda bir xasiyyət var idi, nə bişirsə, gərək qonşuya verəydi. Deyərdi ki, balkonda kabab bişirməyin, iyi gedir, günaha batırıq. Mən indiyəcən də balkonda kabab bişirməyə nə özümünkülərə, nə də qonşulara icazə vermirəm.

 

- Qayıdaq ilk rol məsələsinə...

- Bakıdan gələnlər arasında məşhur aktrisa Fatma Qədri də var idi. O məni özünün üç roluna hazırladı: Əbdülhəq Həmidin “Hind qızı”nda sürücü, Aleksandr Şirvanzadənin “Namus”unda Süsən və Hüseyn Cavidin “Şeyx Sənan”ında Xumar. Məni Süsən rolunda görən Abbasmirzə çox bəyənmişdi. Dedi, “Otello”nu qoymaq istəyirəm. Özü Otellonu, Sidqi Ruhulla Yaqonu oynamalı idi, Dezdemonanı mənə verirdi. Mən sonralar Şekspirin dörd tamaşasında baş rol oynadım: “Romeo və Cülyetta”da Cülyetta, “Kral Lir”də Kordeliya, “On ikinci gecə”də Viola və “Otello”da Dezdemona. Mənə Şekspir aktrisası deyirdilər. Amma o vaxt nə bilirdim Şekspir nədir? Əsəri alıb oxudum, qorxdum ki, oynaya bilməyəm, ağlamaq məni tutdu. Dedim, mən bu rolu oynamağı bacarmaram.

 

- Amma, görünür, qismətdən qaçmaq olmur. Gec-tez Dezdemonanı oynadınız.

- Ədil bu tamaşanı mənim xətrimə qoymuşdu. Çünki o heç vaxt nə qərb, nə də rus dramaturgiyasına müraciət etməzdi. Onun məqsədi  yeni milli dramaturqları formalaşdırmaq idi. Bir dəfə mənə dedi ki, Barat, Dezdemonanın qala hasarının üstündə ağ paltarda durduğu səhnə sənin qədər heç kəsdə gözəl alınmaz. Səni bu səhnədə görmək üçün “Otello”nu qoymaq istəyirəm. Sonralar Zuğulbada istirahət edəndə bir qadın mənə dedi ki, Barat xanım, siz ağ paltarda, gecə vaxtı qalanın bürcünə çıxdığınız səhnədə bilirsiniz necə gözəl görünürsünüz? Elə bil, ağ göyərçinsiniz. Ədil bir rejissor kimi dahi idi. Aktyor kimi də heç kəs ondan üstün ola bilməzdi. Həmişə özümü öldürürdüm ki, niyə rol oynamır Ədil, heç kəs inanmırdı sözümə. “Axırıncı aşırım” filmində Kərbəlayi İsmayıl roluna baxandan sonra gördülər ki, doğru deyirmişəm.

 

- Gəncə teatrından Akademik teatra gəlişiniz necə oldu?

- Teatr mövsümü başlayanda gördüm ki, afişalarda Solmaz Orlinskayanın adını yazıblar. İnciyib, teatrdan çıxdım. Gəldim Bakıya. Bir dəfə Sabir bağının yanından keçəndə Ədilə rast gəldim. İşsiz olduğumu bilib, məni teatra dəvət etdi. Ədil Moskvadan yeni təhsil alıb qayıtmışdı. Diplom işi kimi “Platon Kreçet” əsərini hazırlayırdı. Mənə də əsas rollardan biri olan Mayanı vermək istəyirdi. Tamaşada əsas rolu oynayan Ülvi Rəcəb əvvəlcə mənimlə tərəf müqabili olmağa razılıq vermirdi. Məşq prosesində Ülvinin məndən xoşu gəldi. Premyerada Ülvi mənə özüm hündürlükdə gül düzəltdirib qoydurdu səhnəyə. O vaxt teatrda səmimi atmosfera var idi.

 

- Əgər elədirsə, niyə Fatma xanım İşçi teatrından Akademik teatra gələndən sonra ikinci plana keçdi?  Mərziyyə xanımın kölgəsi düşmədi ki, onun üstünə?

- Yox! Yox! Əsla elə deyildi. Fatma xanımın öz yeri var idi. Kimin hünəri nə idi Fatma xanım olan yerdə Ostrovskidə oynasın.

 

- Deyilənlərə görə, 1937-ci ildə təqib edilənlərin içində Fatma xanım da olub.

- Fatma xanımın yoldaşı Əsəd 37-ci ildə xalq düşməni çıxanlardan idi. Xalq düşməninin arvadı kimi onu teatrdan çıxardılar. Səkkiz ay işsiz qaldı. Küçədə kitab satırdı. O, teatr tariximizdə, yəqin ki, ən savadlı aktrisa idi. Oxumadığı kitab qalmamışdı. Bir dəfə küçə ilə gedirəm, bir də görürəm ki, kitabları qoyub qabağına, durub ayaq üstə. Dünya-aləm başıma fırlandı elə bil. Məni uzaqdan görün üzünü yana çevirdi. Özüm yaxınaşmadım ki, utanmasın. Sonra onu teatra qaytardılar.

O vaxt Süleyman Rüstəm teatrın direktoru idi. O, dörd nəfərin həyatını xilas elədi – Fatma Qədri, Kazım Ziya, Möhsüm Sənani və Şəmsi Bədəlbəyli. Mən Şəmsi ilə ailə qurduğumdan mənə qarşı da teatrda soyuq münasibət hökm sürürdü. Yazıq Süleyman Rüstəm bizi çağırıb başa salırdı ki, sizə nə desələr, cavab verməyin, dözün.

 

- Hökümə, Leyla, Nəcibə, Barat... Bu qədər gözəl aktrisa teatrda necə yola gedirdi?

- Teatrda bütün intriqalar  Hökümə gələndən sonra başlayıb. Mən “Mehmanxana sahibəsi”ndə Mirondalina rolunda hər dəfə səhnəyə çıxanda tamaşaçılar məni gurultulu alqışlarla qarşılayırdı. Bunu eşidən  Hökümə pərdənin arxasındakılara istehza ilə deyirmiş ki, “Vot yeyo zritel”. Mən də bunu eşidib dedim ki, qurban olasınız mənim “zritelimə”, mənim “zritelimin” hesabına yaşayır bu teatr. Hökümə deyirdi ki, Barat qurban olsun mənə, Ələsgər mənimlə küsülü olduğu üçün baş rolları Barata verirlər. Axı, onlar Ələsgər Ələkbərovla ailə qurmuş, sonra ayrılmışdılar. Ümumən hədsiz təkəbbürlü bu qadın heç kəslə yola getmirdi – nə Leyla, nə Nəcibə, nə də mənimlə.

 

- Mehdi Məmmədovun ona həsr etdiyi “Onun sənət ulduzu” kitabında Hökümə Qurbavnova deyir ki, Barat otuzuncu illərdə yaxşı aktrisa hesab olunurdu.

- Heç belə deyildi. Mən Mərziyə xanımın sözünə daha çox inanıram. 49-cu ildə mənim Dezdemonama baxıb, gəldi pərdə arxasına    

 

- Heç olubmu ki, səhnədə sevgili rolunu oynayandan sonra aktyorlar həyatda da bir-birinə vurulsunlar?

- “Fərhad və Şirin”də mən Şirini, Ələsgər Fərhadı oynayırdı. Tamaşadan sonra gördüm ki, Ələsgər mənimlə əzilə-əzilə danışır. Dərhal hiss etdim ki, mənə vurulub. Səhərisi teatra gəldim, gördüm yenə olub əvvəlki Ələsgər. Ələsgərin mənə olan sevgisi iki saat yarım çəkdi (fikrə gedir) Yazıq Ələsgər həmişə güzgüyə baxıb zarafatla deyərdi ki, belə oğlanı qara torpağın altına necə basdıracaqsınız?

 

- Adil İsgəndərovla Ələsgər Ələkbərov arasındakı münaqişənin səbəbi nə idi?

- Ələsgərə elə hey deyirdim ki, ayıbdır, sənin yetişməyində onun rolu böyükdür. Kimə deyirsən? Qaçaq saldılar onu teatrdan. Material verdilər, kinostudiyadan da çıxdı. Mirzağa Əliyev öləndə üzündən öpdüm. Ədil dedi ki, ölünü niyə öpürsən? Dedim, sən ölərsən, səni də öpərəm. Yazıq Ədil etinasızlığa dözməyib dəyişdi dünyasını... O boyda kişinin dəfninə cəmi dörd nəfər gəlmişdi – Şəmsi, Mehdi, Hamlet Xanızadə, bir də mən. Birdən Ədilə verdiyim söz yadıma düşdü. Əyilib üzündən öpdüm (gözləri dolur).

 

- İbrahim Həmzəyev, Şəmsi Bədəlbəyli, Mehdi Məmmədov... Həyat yolunuzun kəsişdiyi bu adamları necə xatırlayırsınız?

- İbrahim Həmzəyevlə ailə quranda vur-tut altı yaşım vardı. Bakı-Tiflis qatarı ilə qastrola gedirdik. Sonra məlum oldu ki, o məni qaçırıb. Məni aparıb qoydu Şəkirdə bir qohumlarının evinə. Bir neçə ay qaldım orda. Axırda gördüm ki, dalımca gəlmir, anama xəbər göndərdim ki, gəlin məni burdan aparın. Anamın heç xoşu gəlmirdi ondan. Deyirdi, boşan, uşağı özüm saxlayaram. Qızım Solmazın atası İbrahim Həmzəyevdir. Sonra İbrahimin başı qarışdı başqa qızlara. Anam məni də, uşağı da götürüb, gəldi evimizə.

Şəmsi ata tərəfdən qohumum idi. Ona İbrahimin acığına ərə getdim. Qızım Rövşanə Bədəlbəyli dünyaya gəldi.  Ondan da acığa düşüb ayrıldım.

 

- Bəs, Mehdi bəy?

- O, niyə bəy olur? Bibisi həmişə deyərdi ki, Baratın ölüsünü də sənə verməzdilər, bir işdi, oldu... Ona üzə düşüb getdim, utandığımdan “yox” deyə bilmədim. Çox dalğın idi. Elçin də atası kimidir. Görürsən ki, aldığı şeyi unudub bazarda qoyur. Mehdi həmişə mənə irad tuturdu ki, səni bir dəfə kitab oxuyan görmədim. Deyirdim, heç görməyəcəksn də. Çünki nə bilirsən ki, mən yerimə uzananda nə fikirləşirəm.

 

- Onunla niyə ayrıldınız?

- Əlli birinci il idi. Mehdi dedi ki, Moskvaya ezamiyyətə gedirəm. Bir neçə gündən sonra mənə zəng edib dedilər ki, bilirsən, Mehdi hardadı? Dedim, ki, Moskvada ezamiyyətdədir. Dedilər ki, xeyr, Yessentukidə Hökümə Qurbanova ilə bir yerdə istirahət edir. On-on beş gündən sonra Mehdi gəldi. Qapıdan içəri qoymadım. Qarşımda diz çöküb, yalvardı,  nə illah elədisə, dedim, bu qapıdan içəri ayağını qoya bilməzsən. O ayrılan, bu ayrılan, ayrıldıq... Amma adı həmişə üstümdə oldu. Qoyduğu tamaşalarda mənə baş rolları verdi. “Ən xoşbəxt teatr odur ki, orada Barat var” deyirdi. Rejissor aktrisa münasibətlərimiz axıra qədər davam elədi. Çətin bir işə düşəndə həmişə onunla məsləhətləşirdim.

 

- Deməli, Hökümə xanım əvvəlcə həyat yoldaşınızı, sonra da sizə düşəcək fəxri adı əlinizdən aldı...

- Mən onsuz da əvvəldən itirə-itirə gəlmişəm. Evimdən qızıl dəstimi oğurladılar.

 

- O necə olmuşdu?

- Şəmsi Bədəlbəylinin anası vermişdi mənə brilyant komplekti. Evdə servantın gözündə saxlayır, hərdən əlamətdar günlərdə taxırdım. Çox bahalı komplekt idi. Bir gün lazım oldu, əl atdım qaba ki, brilyantları götürüb taxam, görürəm yerində yoxdur.

 

- Bilmədiniz ki, kim götürüb?

- Bildim, evimə gəlib-gedən adam idi. Amma əlimdə sübutun olmadığından açıb-ağarda bilmədim. O boyda varı-dövləti, mülkü itirən xan qızı üçün bir komplekti itirmək nə idi ki?

 

- Övladlarınızdan sənətinizi davam etdirən olmadı?

- Elçin hərdən filmlərə çəkilir. Yazıq Yusif Səmədoğlu o vaxt Elçinə demişdi ki, ssenari yazmışam, bir zırrama obrazı var. Səndən başqa bu şəhərdə zırrama tanımıram. Onu verəcəm sənə. “Yeddi oğul istərəm”də Mirpaşanı verdi Elçinə.

 

- Gözəl, istedadlı, sevimli olmusunuz. Baş rolları oynamızınız. Heç qibtə etdiyiniz aktrisa olub?

- Mən ən çox Mərziyə xanımı istəmişəm. Mərziyənin qızı Firəngizin 7-8 yaşı olanda onun saçlarını yumuşdum, elə bilirdim ki, yer üzündə məndən xoşbəxt adam yoxdu. Dezdemona roluma baxandan sonra gəldi səhnənin arxasına, alnımdan öpüb dedi: “İndi səhnəni sənə verib, arxayın gedə bilərəm”.

 

- Təsəvvür edin ki, sehrli xalçaya minib gələcəyə gedirsiniz. Geri dönməyəcəksiniz. Özünlə bir şey götürməyə icazə verirlər. Nəyi götürərdiniz?

- Mən yaxşılığı götürərdim.

 (03.09.1998)

 

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.