“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.
LÜTFƏLİ ABDULLAYEV
(1914-1973)
***
Bir gün teatra attestasiya komissiyası gəldi, cavan aktyorları çıxdaş eləmək istəyirdilər. Birinci girən 3 dəqiqə sonra suyu süzülə-süzülə çıxdı. Soruşduq nə xəbər alırlar dedi:
– Soruşur, tamaşada istini göstərmək üçün neyləyərsən? Cavab verdim ki, dekorasiyaya uyğun olaraq pəncərəni açaram. Bəs pəncərədən gələn sərin havanı necə göstərərsən? Çaşıb qaldım… dedi səndən artist olmaz.
İkinci aktyor da girib eynən suyu süzülə-süzülə çıxdı. Başına toplaşdıq, dedi ki, mən də sərin havanı göstərə bilmədim.
Beləcə, 4-5 nəfər içəri girib “sərin hava”nın zibilinə düşdü. Hamısını kəsdilər. Növbə mənə çatdı. İçəri girdim, sədr üzündən zəhrimar yağan bir kişi idi. Hər kəsə verdiyi sualı mənə də verdi.
– Tamaşada istini göstərmək üçün neyləyərsən?
– Bir şey tapıb özümü yelpikləyərəm.
– Yelpikləməyə heç nə tapmasan neyləyərsən?
– Paltarımı yüngülləşdirərəm.
– Belə, lap isti olsa, onda neyləyərsən?
– Dünya da dağılsa pəncərəni açmaram, sonra da istidən yıxılıb ölərəm.
Komissiya üzvləri gülüşdülər. Sədr:
– Get, bala, səndən artist çıxar, – deyib, məni teatrda saxladılar.
***
Axşamların birində teatrdan çıxıb gəzə-gəzə evə gəlirdim. Bir neçə gün əvvəl həyat yoldaşım Sevda xanım mənə ad günü hədiyyəsi olaraq bir bahalı papaq bağışlamışdı. Açığı papağı çox bəyənmişdim.
Sevda xanım adəti üzrə yenə eyvanda dayanıb, çiyninə şal ataraq məni gözləyirdi. Uzaqdan məni görəndə əl elədi. Elə bu vaxt kimsə arxadan qaça-qaça gəlib başımdakı papağı götürüb qaçdı. Halımı pozmadan yoluma davam etdim.
Evə gələndə Sevda xanımın qaşqabağını sallayıb mənə baxdığını gördüm.
– Adam sənin başındakı bahalı papağı götürüb qaçdı, səninsə vecinə deyil, – dedi.
Paltonun yaxasını aça-aça sakitcə dedim:
– O adamın ehtiyacı olmasaydı, mənim başımdan papaq oğurlamazdı.
Ayaqqabılarımı soyunub dikələndə Sevda xanımın gülümsədiyini gördüm.
“Ədəbiyyat və incəsənət”
(21.12.2022)