“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.
ƏLİAĞA AĞAYEV
(1913-1983)
***
“Sehrli xalat” filmi uşaqların çox xoşuna gəlmişdi. Harada məni görürdülərsə, ətrafıma toplaşır, “xan… xan…” deyib, atılıb düşürdülər. Uşaqlardan, valideynlərdən saysız-hesabsız məktublar alırdım. Bir valideynin məktubunda təxminən, mövzu belə idi ki, səkkiz yaşlı bir oğlu yataq xəstəsidir, qonşu uşaqlardan kimsə “Sehrli xalat” filminin yaradıcı heyəti ilə məktəbdə keçirilən görüşdən danışıb, bu xəstə uşaq da belə görüşlərdə iştirak edə bilmədiyi üçün sarsılıb, ağlayıb və s.
Məktub məni tutdu. Evdən Əlisəttar Atakişiyevə zəng vurub əhvalatı danışdım. O da çox pis oldu.
Ertəsi gün səhər saatlarında qızım məni telefona çağırdı. Əlisəttar idi.
– Tez məktubu da götür kinostudiyaya gəl.
Geyinib getdim. Rəşidi oynayan Azər Qurbanov, Zərifəni oynayan Solmaz Hətəmova, Eldarı oynayan Yusif Şeyxov da otaqda idi. Az sonra qapı açıldı, kostyum sexinin işçisi filmdə oynadığımız kostyumlarla bir yerdə otağa girdi. Əlisəttar hər kəsin kostyumunu ona verib dedi:
– Tez geyinin, balaca dostumuzu çox gözlətməyək.
Bir qədər sonra inzibatçılardan biri əlində meyvə, şirniyyat dolu torba ilə gəldi. Maşın bizi aşağıda gözləyirdi. Məktubda göstərilən ünvana getdik.
Uşaq bizi görəndə gözlərinə inanmadı. Doğrudan da xan paltarında mən, filmdəki pionerlərin paltarında olan kiçik yaşlı aktyorlar ona əsl möcüzə kimi görünürdü. Bir qədər sonra qonşuluqdakı uşaqlar da başımıza toplaşdılar. Təxminən bir sata qədər balaca dostumuzun yanında qaldıq.
Bir müddət sonra uşağın anası bizə minnətdarlıq məktubu yazdı.
“Ədəbiyyat və incəsənət”
(20.12.2022)