Azərbaycanda ilk dəfə çəkiləcək çoxseriyalı tarixi bədii televiziya filmi olan “Atabəylər: Şəmsəddin Eldəniz”də rol alacaq aktyorların seçim mərhələsi keçirilir. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Musiqili Komediya Teatrında həyata keçirilən seçim müsabiqəsinin ikinci günündə mədəniyyət naziri Anar Kərimov da iştirak edib.
Münsiflər heyəti ekran işinə həyat verəcək ən layiqli aktyorları üzə çıxarmağa çalışır. Onların tərkibində layihənin rəhbəri Sərvər Bayramov, filmin rejissoru, türkiyəli Ali Aytac Saqal, filmin prodüsserləri Əlibala Məhərrəmzadə və İlqar Mehdi, filmin ssenari qrupunun rəhbəri Varis, layihənin tərəfdaşı olan “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin rəsmisi Elnar Məmmədli yer alıblar.
Kastinq zamanı bildirilib ki, bu filmdə çox sayda aktyor olmalıdır, əsas rollar çoxdur. Hazırda ilk 8 bölüm üçün aktyor seçimi edilir. Sui-qəsdlər, döyüş səhnələri, saray intriqaları, sevgi hekayələri ilə boldur film. Və ümumilikdə “Atabəylər: Şəmsəddin Eldəniz” serialı Azərbaycan kino sənayesində yenilikdir.
AzTV-də yayımlanacaq serial iki mövsümdən ibarət olacaq. İlk mövsüm “Atabəylər: Şəmsəddin Eldəniz” adlanır. Serialda tariximizin XII-XIII əsrlərinə müraciət edilməklə Azərbaycan Atabəylərinin qurduğu dövlətin nəhəng sərhədlərinə diqqət çəkiləcək. Həmin dövrün ədəbi-bədii həyatı da diqqətdə saxlanılacaq.
Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Azərbaycan İlahiyyat İnstitutu və “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə ərsəyə gələcək filmin çəkilişi “Şahdağfilm”ə həvalə olunub.
Kastinqlərdə peşəkar aktyorlarla yanaşı aktyorluq sənəti üzrə təhsil alan tələlər və həvəskarlar da iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(19.12.2022)