“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.
HÖKÜMƏ QURBANOVA
(1913-1988)
***
Bir gün teatrda iclas idi. Nazirlikdən gələn bir nəfər ağına-bozuna baxmadan hamını “kəsib-tökür”, heç kəsə hörmət qoymadan yekə-yekə danışırdı. Lap axırda da sözlərini:
– Teatr məbəddir, teatrda hamı bir-birinə hörmət qoymalıdır, heç kəs heç kəsin xətrinə dəyməməlidir, yaşlılar gənclərə yol açmalıdır, gənclər böyüklərə hörmət qoymalıdır, rəhbəriliyin tapşırıqlarını yerinə yetirməlidir – deyib, yekunlaşdırdı.
Özümü saxlaya bilməyib ayağa qalxdım:
– Yaxşı, bəs dediklərinə özün niyə əməl eləmirsən? Bayaqdan bəri təhqir eləmədiyin adam, danlamadığın böyük, xətrinə dəymədiyin gənc qalmayıb.
Qonaq çaşdı. Başını aşağı salıb sakitcə:
– Üzr istəyirəm, – deyərək, çıxıb getdi.
***
Bir dəfə dedilər ki, incəsənət institutunun tələbələri mənimlə görüşmək istəyirlər. Ağrılarım çox idi, kiminləsə görüşmək gücündə deyildim. Amma tələbələrin sevgisini, narahatlığını anlayırdım. Odur ki, görüşə razılıq verdim. Ağrıkəsicilərin təsiri ilə bir qədər özümə gəlib yataqda dikəldim. Saçlarım tökülmüş, bənizim solmuş, gözlərim çuxura düşmüşü. Gənclərin yaddaşında o cür qalmaq istəmirdim. Xahiş etdim məni yaxşıca geyindirdilər. Başıma parik qoydum, gözlərimə sürmə çəkdim, yanaqlarımı qızartdım. Az sonra oğlanlı-qızlı yeddi-səkkiz nəfər palataya girdi. Əllərində tər çiçəklər, konfet qutusu vardı. Onlar gələcəyin aktyorları idilər.
– Neçənci kursda oxuyursuz? – mehribanlıqla xəbər aldım.
– İkinci kursda, – qızlardan biri cavab verdi.
– Kurs rəhbəriniz kimdir?
–Məlik Dadadşovla Fikrət Sultanovun kursunda oxuyuruq, – bir başqası aydınlıq gətirdi.
Adı çəkilən sənətkarların hər iksini gözəl tanıyırdım.
–Xoşbəxt gənclərsiz. Müəllimlərinizin ikisi də böyük ustalardır. Onların öyrətdiklərini unutmayın. Yaxşı aktyor mütləq məktəb keçməlidir. Müasir teatrın tələbləri də dəyişib. Odur ki, çox çalışın. Bu sənət insana həm şöhrət və xoşbəxtlik bəxş edir, həm də adamı bədbəxt edə bilir.
Bu sözləri deyəndə kövrəldim. Oğlanlar bayıra çıxdı. Qızlar qalıb bir qədər mənimlə söhbət etdilər. Nə yaxşı ki, özümdə az da olsa güc tapıb bu gənclərin yaddaşında rəngi soluxmuş, xəstəhal Hökümə Qurbanova kimi qalmadım.
“Ədəbiyyat və incəsənət”
(17.12.2022)