Kukla Teatrında 27 gündür uzanan qarşıdurmanın səbəbi bəlli olub

 

Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 27 gündür yoxlama aparır. Kukla Teatrında yoxlamanın bu qədər uzanması artıq narahatlıq yaradıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Bizim.Media-ya danışan teatrın mətbuat katibi Həmidə Rüstəmovanın sözlərinə görə, yoxlama ilə bağlı prosesin nə vaxt yekunlaşacağı barədə məlumatlı deyillər:

“Yoxlama davam edir. Bitməsi və ya hansısa məsələyə görə uzadılması barədə əlavə əmr yoxdur. Təəssüfedici məqam odur ki, yoxlama ilə bağlı əmrin içərisində müddət qeyd olunmamışdı və bu qədər uzanmasını da təsəvvür etmirdik. Yoxlamanın uzanması müəyyən mənada da işimizə əngəl törədir. Amma biz də gözləyirik”.

 

Teatrdan adının açıqlanmasını istəməyən əməkdaşın mediaya sızdırdığı məlumata görə, Mədəniyyət Nazirliyinin məsul şəxslərinin məqsədi teatrın direktoru Rəşad Əhmədzadəni tutduğu vəzifədən uzaqlaşdırmaqdır. Bütün bu məsələləri bulandıran da nazirlikdə teatr sektorunun müdiri Könül Cəfərovadır. Onun başqa teatrlarla da insidentləri var. Lənkəran Teatrından Tofiq müəllimi, Qax Kukla Teatrından Seymur Vəliyevi də uzaqlaşdırmaq istəyir. Nazirə yanlış məlumatlar verir, teatrların kollektivlərinin adından anonim məktublar təşkil elətdirir.

Bizim teatr haqqında da yanlış rəyi o yaradıb. Rəşad müəllim sözünü deyən, istedadlı adam olduğu üçün Könül xanıma tabe olmayıb, bu da onun xoşuna gəlməyib. Elə bir şərait yaradır ki, teatrlarda ancaq öz adamlarını yerləşdirsin. Amma bu belə getməz, nazir Anar Kərimov həqiqətləri bilməlidir”.

Amma bizim fikrimizsə, heç bir anonim fikir mediaya sızmamalıdır. İnsan öz adını gizlədirsə, demək, dediklərində həqiqət yükü sıfır dərəcəsindədir. 

Qeyd edək ki, Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlamaya noyabrın 21-də başlayıb. 

Biz qarşı tərəfin də mövqeyini dərc edəcəyik. 

 

“Ədəbiyyat və incəsənət”

(17.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.