Bəşir Səfəroğlu sərxoş obrazını elə gözəl oynadı ki, onu... Featured

 

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.

 

ADİL İSGƏNDƏROV

(1910-1978)

 

***

“Əhməd haradadır” filminin çəkilişləri gedirdi. O ərəfədə Musiqili Komediya teatrına Lütvəli Abdullayevin dəvəti ilə səhnəciklərdən ibarət komik parçalara baxmağa getmişdim. Səhnəciklərdə Bəşir Səfəroğlu bir-neçə sərxoş obrazı oynayırdı. Tamaşdan sonra səhnə arxasına keçib aktyor dostlarımı təbrik etdim. Üzümü Bəşirə tutub:

– Sabah Lütvəli ilə bir yerdə çəkilişə gələrsən, – dedim.

Bəşir də, Lütvəli də çaşıb qaldı. Bəşir:

– Hara gəlim, Adil müəllim? – deyib, xəbər aldı.

– Lütfəli hara gəlmək lazım olduğunu sənə başa salar.

Ertəsi gün kostyumerə tapşırdım ki, Bəşirin əyninə bir ağ pencək, ağ köynək, şlyapa və qara şalvar götürsünlər.

Bəşiri “Əhməd haradadır?” filmində epizodik sərxoş roluna çəkdim. Həmin obraz ssenaridə yox idi, sadəcə, Bəşirin koloritli aktyor olmağı, istedadı kiçik bir epizodla bu filmə əlavə rəng qatdı.

***

Bir gün kinostudiyada işləyim vaxtlar idi. Həyətdə gəzişirdim. Birdən bizim orta yaşlı , amma avara aktyorlardan biri mənə yaxınlaşdı. O qədər içmişdi ki, ayaq üstə güclə dura bilirdi. Ailəsindən təzə ayrılmışdı.

– Adil müəllim, mənə təcili 150 manat verməsəz özümü də öldürəcəyəm, iki uşağımı da.

Əl atdım cibimə, cəmi 100 manat pulum var idi.

– Al götür, cəmi 100 manatım var, – deyib, pulu ona uzatdım.

Adam əlini geri çəkdi.

– Yox, nə danışırsız, Adil müəllim, mənə 150 manat lazımdır.

Başımı bulayıb:

– Sən belə elə də, – dedim, – özünü öldür, uşaqlarla işin olmasın. 100 manatı apar uşaqlara ver.

Adam bir də gözümə görünmədi.

 

 “Ədəbiyyat və incəsənət”

(15.12.2022)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.